
Meta-nın süni intellekt üzrə tədqiqat qrupu insan düşüncələrini deşifrə etməyə yaxınlaşır. ABŞ texnologiya nəhəngi cümlələri 80%-ə qədər dəqiqliklə yenidən qura bilən süni intellekt modeli hazırlayıb. Yeni modelin əsas hədəfi bədbəxt hadisələr və ya xəstəliklər səbəbiylə danışıq qabiliyyətini itirmiş şəxslərin yalnız öz düşüncələri ilə ünsiyyət qurmasını təmin etməkdir.
Gununsesi.info -nun xarici KİV- ə istinadən xəbərinə görə, ABŞ-nin texnologiya nəhəngi Meta insan zehnini oxuya və düşüncələrini deşifrə edə bilən süni intellekt modeli hazırlayıb.
Meta tərəfindən hazırlanmış süni intellekt modeli düşünülmüş cümlələri 80 faiz dəqiqliklə düzgün proqnozlaşdıra bilir. Üstəlik, bunun üçün beyinə çip yerləşdirməyə ehtiyac yoxdur.
Metanın yanaşması Maqnetoensefaloqrafiya (MEG) və Elektroensefaloqrafiya (EEG) texnologiyalarını birləşdirir.
EEG baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə beynin elektrik siqnallarını qeyd edərkən, MEG bir növ dəbilqə köməyi ilə sinapsların maqnit sahələrini ölçür.
Hər iki texnologiyanın birlikdə istifadəsi proqnozları daha dəqiq edir.
Metaya görə, bu üsul tək EEG-dən istifadə etməklə ən azı iki dəfə effektivdir.
Yeni modelin əsas məqsədi qəza və ya xəstəlik nəticəsində nitq qabiliyyətini itirmiş fərdlərin yalnız öz düşüncələri ilə ünsiyyət qurmasını təmin etməkdir.
Ancaq indiyə qədər aparılan testlər yalnız sağlam insanlarla aparılıb.
Süni intellektin beyin zədəsi olan insanlar üzərində necə işləyəcəyi isə məlum deyil.
Meta bu araşdırmanı inkişaf etdirmək üçün tərəfdaşlıqlara sərmayə qoyur. Şirkət davam edən işləri dəstəkləmək üçün Rothschild (Rotşild) Vəqfi Xəstəxanasına 2,2 milyon dollar bağışlayacağını açıqladı. O, həmçinin Avropada NeuroSpin, Inria və CNRS kimi qurumlarla da işləyir.
Günel Həsənova