Svanların azərbaycanlılara hücumunu etnik toqquşmaya çevirmək istəyənlər ola bilər – ŞƏRH

  • By admin
  • 17 May 2021 15:27

“Gürcüstanın Başkeçid (Dmanisi) bölgəsində svanların azərbaycanlılara hücumu indiyə qədər baş vermiş məişət qarşıdurmalarından biridir. Lakin hadisənin etnik toqquşmaya çevrilməsində maraqlı qüvvələr də ola bilər”

Gununsesi.info xəbər verir ki, bunu ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə baş vermiş kütləvi davanı şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Gürcüstandakı maraqlı qüvvələr bu hadisədən Azərbaycana qarşı istifadə edə bilər.

“Tbilisidə Qarabağ müharibəsindən sonrakı prosesləri Gürcüstanın maraqlarına zidd hesab edənlər var, xüsusilə “Zəngəzur dəhlizi”nin açılmasını. Svanların azərbaycanlıların yaşadığı əraziyə vaxtilə köçürülməsi də bölgədə demoqrafik vəziyyəti dəyişmək niyyətindən irəli gəlirdi”.

Ekspert bildirib ki, erməni diasporu/lobbisinin müxtəlif yollarla svanlar üzərində müəyyən təsirləri var və bu kartdan Gürcüstana qarşı istifadə etmək cəhdləri olub.

““Müstəqil Svaneti” layihəsinin həmmüəllifləri arasında ermənilər də var. Ermənilər də hadisənin etnik toqquşmaya çevrilməsində maraqlıdırlar”.

Gununsesi.info