Tərtərdən şikayətlər var: əhali yardım ala bilmir

  • By admin
  • 04 May 2021 16:38

44 günlük müharibə zamanı ciddi ziyan dəyən rayonlardan biridə Tərtər idi. Müharibədən sonra həm əhali həm də rayonlar üçün müəyyən qədər vəsait ayrılmışdı.

Gununsesi.info xəbər verir ki, Tərtər rayon Qapanlı kənd sakini Cənnət Orucovun Modern.az-a verdiyi məlumata görə rayon əhalisinə ayrılan vəsait sakinlərin az hissəsinə ödənilib, indi isə ödənilmir:

“Əhali arasında bəzi şayiələr yayılıb. Pulun ödənilməməsinin İcra Hakimiyyətinin nümayəndələrindən olan Şair adlı şəxslə bağlı olduğu deyilir. Dövlət Təhlükəsizlik Xidməti məsələni araşdırsa, əhali arasında olan narazılıq üzə çıxacaq.

Digər problem isə bizim bu günə qədər dövlət aktımızın olmamasıdır. Dövlətin verdiyi subsidiyanı müqavilə bağlayaraq almışıq. İndi isə heç bir maliyyə dəstəyi göstərilmir”.

Rayon sakini qeyd edir ki, müharibə zamanı ailələrə ayrılan yardımların verilməsində də problem yaranıb:

“Dövlət tərəfindən ayrılan yardımlar əhaliyə təhvil verilmir. Xahiş edirəm, gələn yardımları şəhid ailələrinə, qazilərə versinlər. Müharibə bitdikdən sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanovdan məktub aldıq. Məktubda yazılırdı ki, “sizə göndərilən yardımları biz kənddə qalan vətəndaşlara verdik”. Müharibə zamanı Tərtərin Qapanlı kəndində heç kim qalmamışdı. İki nəfər var idi, onlar da yardım görməyiblər.

Bu məsələlərin diqqətə çatdırılmasını xahiş edirəm”.

Mövzu ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Gununsesi.info