“Təxribatlarda təkcə Ermənistan günahkar deyil” -POLİTOLOQ

  • By admin
  • 15 Sentyabr 2022 13:48

“Təmas xəttində baş verən təxribatlarda təkcə Ermənistan deyil, ona dəstək verən üçüncü tərəf dövlətlər, yəni ABŞ, Rusiya, İran və Fransa da maraqlıdır. Hətta bu əməliyyatlarda erməni hərbçiləri ilə yanaşı, bu dövlətlərin hərbi qüvvələrinin də iştirak etdiyini əminliklə söyləyə bilərəm”.

Bu sözləri Publika.az-a söyləyən politoloq Samir Hümbətov fikrini belə əsaslandırdı ki, ermənilər artilleriya və zenit qurğularını elə də yüksək səviyyədə idarə edə bilmirlər:

“Neçə gündü ki, Azərbaycan əraziləri bu qurğular vasitəsilə atəş altında saxlanılırdı. Təkcə bu fakt artıqlaması ilə təsdiq edir ki, bu qurğuları ermənilər yox, həmin qüvvələr idarə edir. Yaxın vaxtlarda bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. Əgər təxribatların qarşısı vaxtında alınmasa, döyüşlərin miqyası yaxın günlərdə daha da genişlənə bilər”.

Neçə gündür ki, İranın Azərbaycan sərhəddinə qoşun toplamağa başladığını söyləyən ekpert vurğuladı ki, bu fakt özünü “müsəlman dövləti” adlandıran cənub qonşumuzun qarşıdurmanın baş verməsində maraqlı olduğunu göstərir:

“Artıq hətta SEPAH komandanlığı yaxın vaxtlarda Azərbaycana qarşı döyüşlərə başlaya biləcəyini açıq şəkildə bəyan edib. İran xarici işlər naziri isə deyir ki, biz sərhədlərin dəyişdirilməsinə razı deyilik, çünki bu, qırmızı xəttimizdir. Neçə gündür bölgədə müharibə gedir, Azərbaycan şəhidlər verir və xeyli sayda yaralımız var. Ancaq İran bu məsələni gündəmə gətirmir və müsəlman dövləti kimi Azərbaycanın şəhidləri ilə bağlı fikir səsləndirməkdən yayınır. Burdan aydın olur ki, İran müsəlman dövləti olmasına baxmayaraq, açıq şəkildə Ermənistanı müdafiə edir”.

Politoloq Kremlin də son hadisələrdə maraqlı olduğunu düşünür:

“Rusiyanın son vaxtlar Ukraynada məğlubiyyətə uğramasını bəziləri fərqli şəkildə təhlil etməyə çalışır. Bu fikri də məhz ermənilərin əli ilə ortaya atırlar ki, bölgədə vəziyyət qarışsın və bu, Moskvanın diqqətini Ukraynadan yayındıraraq Cənubi Qafqaza, əsasən də Ermənistanın üzərinə yönəltsin. Bundan başqa, son vaxtlar Avropa İttifaqı Rusiya qazından tamamilə imtina etməyə başlayıb və buna parallel olaraq Azərbaycan qazının Avropaya ixracının həcminin artırılması məsələsini gündəmə gətirib. Düşünürəm ki, bu məsələ də Rusiyanı əməlli-başlı qıcıqlandırıb. Ermənilərin əli ilə bölgədə gərginlik yaradır ki, layihənin gerçəkləşməsinə mane olsun”.

Müsahibimiz qeyd etdi ki, yuxarıda adları çəkilən dövlətlər bu gün bir-birinə qarşı zidd mövqedə dayanıblar:

“Təxribatın törədilməsində təkcə Ermənistanı ittiham etməməliyik, olayın görünməyən tərəflərini yaxşı tanımalıyıq. Bu ölkə bizimlə qədim və bilinən düşməndir. Əgər biz yalnız bunun üzərində dayansaq, gələcək strategiyamızı düzgün formalaşdıra bilməyəcəyik. İnanıram ki, rəsmi Bakı bu amili unutmadan proseslərin qarşısını alacaq, strateji hədəfləri düzgün qiymətləndirəcək və növbəti münaqişələrdən yayına biləcək”.

Gununsesi.info