Taxıl sazişi Azərbaycana necə təsir edəcək?

  • By admin
  • 25 İyul 2022 13:21

Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan Saziş imzalaması buğdanın dünya bazarında qiymətinə təsirsiz ötüşməyib.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sazış imzalandıqdan sonra Birləşmiş Ştatlarda fyuçə müqavilələrində buğda 3% dəyər itirərək hər buşeli 786 dollara təklif olunub. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəyə – 1 300 dollaradək yüksəltmişdi.

Ukraynanın Qara dənizdən ixracatını bərpa etməsi taxıl böhranını aradan qaldıracaqmı? Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?

V.Bayramov qeyd edib ki, belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini bir daha göstərir:

“Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir. Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə belə bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır. Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyli zəiflətdi. Xüsusən də bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkini sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o anlama gəlir ki, gələn il də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən bu 2 ölkə dünyada taxıl ixracatının 30 faizini formalaşdırır və onlardan birinin bazardan çəkilməsi təklifə ciddi təsir göstərir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir: “Yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artmışdı. İdxal daha çox Qazaxıstandan həyata keçirilmişdi. Son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər, baxmayaraq ki, Qara Dənizdən ixrac ediləcək taxılın əsas alıcıları başqa qitələrdə yerləşir.

Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdədir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir”.

Gununsesi.info