“Tehran hazırda sərt siyasi bəyanatlarla real hərbi imkanlar arasında seçim qarşısındadır”

“Hizbullah-a qarşı İsrailin Livan ərazisində həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar münaqişənin artıq çoxcəbhəli xarakter aldığını göstərir”.

Gununsesi.infobildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Onun sözlərinə görə, əgər Yəməndə fəaliyyət göstərən husilər də qarşıdurmaya fəal şəkildə qoşularsa, gərginlik Qırmızı dəniz hövzəsinə və əsas enerji marşrutlarına qədər yayıla bilər:

“Bu isə dünya enerji bazarlarında ciddi dalğalanma yaradaraq ümumi təsərrüfat sisteminə mənfi təsir göstərə bilər.

Tehran hazırda sərt siyasi bəyanatlarla real hərbi imkanlar arasında seçim qarşısındadır. Onun fikrincə, daha geniş hərbi birləşməyə qarşı açıq qarşıdurmaya getmək üçün ölkənin iqtisadi və hərbi imkanları kifayət etmir”.

Mürtəza Bünyadlı hesab edir ki, sərt bəyanatların davamı ölkəni daha ağır və çıxılmaz vəziyyətə sala bilər:

“Çünki genişlənən hərbi-siyasi birləşmə qarşısında tək qalmaq ehtimalı artır. Digər tərəfdən, geri addım daxili siyasi tarazlığı poza bilər.

Mövcud qarşıdurma nə İran cəmiyyəti, nə bölgə dövlətləri, nə də dünya təhlükəsizlik mühiti üçün sabitlik vəd edir. Əksinə, dövlətlərarası qütbləşməni gücləndirir, silahlanmanı sürətləndirir və danışıqların rolunu zəiflədir.

Tərəflər emosional yanaşma əvəzinə ölçülü siyasi hesablamalara üstünlük verməsələr, Yaxın Şərq daha geniş və dağıdıcı mərhələyə keçə bilər. Bu halda proses artıq yerli qarşıdurma çərçivəsini aşaraq dünya miqyaslı təhlükəsizlik böhranına çevrilə bilər”.

 

 

Şəbnəm

Gununsesi.info