ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezident Ərdoğanla görüşündə Türkiyənin Suriyadakı kürd qüvvələrinə qarşı mümkün əməliyyatının qarşısını aldığını bildirib. Tramp: “Ərdoğan mənim dostumdur, ondan kürdlərə hücum etməməsini istədim və o, razılaşdı”.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, yanvarın 20-də prezident kürsüsünə keçməyə hazırlaşan Tramp: “Ərdoğanla danışdım və ondan kürdlərə hücum etməməsini xahiş etdim. Kürdlər və Türkiyə təbii düşməndir və bir-birlərinə nifrət edirlər. O, məni sevdiyi üçün bunu qəbul etdi, amma bu barışın nə qədər davam edəcəyini bilmirəm”,- deyə bildirdi.
Prezident Rəcəb Tayyib Ərdoğanı tərif edən Tramp ikitərəfli əlaqələrin güclü olduğunu vurğulayıb:
“Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim insandır. Düşünürəm ki, o da mənə hörmət edir” – deyən Tramp Ərdoğandan Suriyadakı kürdlərin arxasınca getməməsini xahiş etdiyini bildirib.
“Ərdoğan kürdlərə qarşı getmədi. Keçmişdə də bunu etməmişdi”, – deyə o əlavə edib.
ABŞ-nin Suriyadakı hərbi varlığına səssiz qalmağa üstünlük verən Tramp jurnalistlərə: “Bu məsələ ilə bağlı şərh verə bilmərəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Ancaq onu deyə bilərəm ki, bu vəziyyət Türkiyə ilə bağlı bir məsələdir”, – deyə qeyd edib.
Daha sonra Türkiyənin uzun müddətdir müxtəlif yollarla Suriyaya qarışdığını deyən Tramp:” “Türkiyə 2 min ildir ki, fərqli adlar altında və müxtəlif yollarla o ölkənin arxasındadır” bildirib.
Tramp Suriyadakı mövcud vəziyyəti qiymətləndirərkən Türkiyənin Suriyanın şimalında fəal olduğunu eyham vuraraq: “Suriyada baş verənlərə baxsanız, Rusiya zəiflədi, İran zəiflədi”… sözlərini deyərək Ərdoğana işarə etdi:
“Ərdoğan çox ağıllı adamdır. O, öz adamlarını ora müxtəlif üsullarla və müxtəlif adlarla göndərdi və Suriyaya daxil olub oranı ələ keçirdilər”, – deyə bildirdi.












