“Turan Tovuz”-un avrokuboklardan kənarlaşdırılması ədalətlidirmi?

  • By Admin2
  • 03 İyun 2026 11:15

“Turan Tovuz” UEFA tərəfindən avrokuboklardan kənarlaşdırıldığını rəsmən təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisinin yaydığı açıqlamada bildirilir:

“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb.

AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində  klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Əlavə olaraq bildiririk ki, Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq”.

Bu hal futbol sevərlər, azərkeşlər arasında birmənalı qarşılanmayıb.

Kimisi bu qadağanın ədalətli, kimisi isə ədalətsiz olduğunu düşünür.

Saytımıza açıqlamasında tanınmış idman jurnalisti İxtiyar Əsgərov bildirib ki, “Turan” üzləşdiyi qadağanı haqq etmir.

“Belə deyək, başqasının günahının əziyyətini çəkir. İnşallah, klub rəhbərliyi əcnəbi hüquqşünas vasitəsilə bu çətinliyi aradan qaldıracaq. Amma maraqlı bilirsiz nədi? O məsəl var e, deyir, dost dar gündə tanınar. Burada zərbə tək Tovuz deyil, bütün ölkə futbolunun nüfuzuna vurulub.  Bizdə Klublar Komitəsi adlı bir qurum var. Görəsən, bir yerə toplaşıb, bu işdə nə addım ata bilər, ümumiyyətlə, KK dəstək məqsədilə nəsə etməyi düşünürmü?”, – deyə o, həmçinin deyib.

Elmar

Gununsesi.info