Vaqif Abdullayevin “İdeadan başladı” kitabının təqdimatı - Leyla Əliyevanın doğum gününə hədiyyə - FOTO

  • By Günel
  • 01 İyul 2025 16:01

Azərbaycanda Atatürk Mərkəzində siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin “İdeadan başladı” adlı kitabının təqdimatı olub.

Gununsesi.info xəbər verir ki, təqdimat mərasimində akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, Milli Məclisin deputatı Musa Musayev, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov və digər tanınmış ziyalılar, mədəniyyət xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov əvvəlcə iştirakçıları salamlayıb, daha sonra kitab haqqında məlumat verib:

“Biz indiyənə qədər professor Vaqif Abdullayevin bir neçə kitabını burda təqdim etmişik. Onlardan biri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma həsr olunmuş kitabdır. O, bu sahədə çox böyük xidmətləri olan elm adamlarından, professorlarındandır, ictimai xadimlərindəndir. Azərbaycanın hansı mötəbər bir kitabxanasına getsəniz, kitabxananın ən mötəbər yerində onun kitablarını görə bilərsiniz. Bizim kitabxanalarımızda onun kitabları ictimai-siyasət ədəbiyyatının bəzəyidir. Bugünkü təqdim edəcəyimiz kitab “İdeadan başladı” adlı kitabdır. Bu kitabı Vaqif müəllim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya həsr edib. Yeri gəlmişkən bu ay Leyla xanımın ad günüdür. Elə bu kitab da ona hədiyyə olacaq. Leyla xanımın poetik yaradıcılığından xəbəriniz var. Dünyanın çox yerlərində onun şeirləri tərcümə olunubdur. Rus dilində yazsa da, onun şeirlərində Azərbaycan ruhu var”.

Tədbirdə Milli Məclisin deputatı Musa Musayev, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov, ziyalılar çıxış ediblər. Belə bir kitabı ərsəyə gətirdiyi üçün müəllifə öz təşəkkürlərini bildiriblər.

Onlar Leyla xanımın Azərbaycanın ictimai həyatında rolu və fəaliyyətini yüksək qiymətləndiriblər. Onun məsuliyətli, vətənpərvər, xeyirxah bir insan olduğunu bildiriblər. Leyla xanımın Azərbaycan həqiqətlərini  dünyaya tanıtmasında- istər Xocalı faciəsi ilə bağlı, istər Qarabağ mübnasibətləri ilə bağlı rolundan, xidmətlərindən danışıblar.

Sonda çıxış edən kitabın müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayev qonaqlara minnətdarlığını bildirib.

Günel Həsənova

Gununsesi.info