Vardanyan deportasiya olunmalıdır - Deputatdan təklif

  • By admin
  • 06 Sentyabr 2022 10:44
Son günlər sosial şəbəkələrdə erməni əsilli Rusiyalı milyarder Ruben Vardanyanın Xankəndində məskunlaşması və Rusiya vətəndaşlığından imtina etməsi barədə verdiyi bəyanat, cəmiyyətdə ictimai rezonansa səbəb oldu. Təbii olaraq, hər bir Azərbaycan vətəndaşında sual yaranır.

Gununsesi.info xəbər verir ki, 1968-ci ildə İrəvanda doğulmuş, Rusiya və Ermənistan vətəndaşlığı olan Vardanyan nə məqsədlə doğulduğu vətənində deyil, məhz Qarabağda yaşamağa üstünlük verdiyini açıqlayıb.

Onu Qarabağa bağlayan nədir?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev düşünür ki, buna müxtəlif aspeklərdən yanaşmaq lazımdır:

Birincisi, məlum hadisələrin nəticəsi olaraq, bir çox Rusiyalı dövlət və iş adamlarına beynəlxalq sanksiyalar tətbiq olunub. Onların sırasında, çirkli pulların afşor hesablara köçürülməsi ilə bağlı maliyyə maxinasiyalarında həmin Vardanyanın da adı keçir. Məşhur məsəldə deyildiyi kimi, batan gəmidən hamıdan əvvəl kəsəyənlər qaçır. Belə təəssürat yaranır ki, Vardanyan öz varidatını xilas etmək üçün belə bir addım atır. Əgər həqiqətən belədirsə, siyasi bəyanat vermək nəyə lazım idi. Səssiz-səmirsiz İrəvanda məskunlaşardı və şirkətlərini də orda qeydiyyatdan keçirərdi. Hesab edirəm ki, Vardanyanın və onu ora göndərən qüvvələrin planları strateji xarakter daşıyır və bu baş verərsə, gələcəkdə yeni qarşıdurmalar qaçılmazdır. Özü açıq şəkildə, əsas məqsədinin əvvəl Qarabağda, daha sonra isə, Ermənistanda hakimiyyəti ələ keçirmək olduğunu bildirib.

Deputatın fikrincə, nəzərə almaq lazımdır ki, Rusiyada yaşamasına baxmayaraq, o qatı daşnak düşüncəsində, türk düşmənçiliyi aparan bir tipdir və hər zaman Qarabağda separatçılığı dəstəkləyib:

“Məsələ ondadır ki, 44 günlük müharibədə, biabırçı məğlubiyyətdən sonra erməni cəmiyyəti psixoz vəziyyətdən çıxa bilmir. Qarabağ ermənilərinə rəhbərlik edənlərin və Ermənistanda Paşinyan hakimiyyətini devirmək istəyən revanşistlərin reytinqi çox aşağıdır. Erməni diasporası və regionda ənənəvi təsir imkanlarını saxlamaq istəyən xarici güclər isə, yeni reallıqlarla barışa bilmir. Məhz bu baxımdan indiyə qədər, iqtidarda, və müxalifətdə təmsil olunmamış Vardanyan irəli verilir. Ciddi maliyyə imkanları, eyni zamanda bir çox ölkələrdə yaşayan erməni iş adamları ilə əlaqələri, onun yaxın gələcəkdə öz arzusuna çatacağından xəbər verir. Bu isə, arzu olunan hal deyil”.

Nəsib Məhəməliyevin sözlərinə görə, Ruben Vardanyanın Qarabağa gəlməsi və orada hansısa siyasi fəaliyyətlə məşğul olması beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir:

“Qarabağ, nəinki beynəlxalq hüququn subyekti, heç Azərbaycan Respublikasının tərkibində belə hansısa muxtariyyət statusuna malik deyil. Ələlxüsus, onun Qarabağı “sarsax” adlandırması və dünya ermənilərini orada tikinti işlərinə cəlb etməsi, cinayət məsuliyyəti yaradır. Vardanyan deportasiya olunmalıdır. Ümumiyyətlə, işğaldan əvvəl Qarabağda doğulmamış və həmin rayonlara aidiyyəti olmayan və başqa ölkələrdən gətirilən ermənilərə vətəndaşlıq verilməməlidir. Xankəndində yaşamaq arzsunda olan Vardanyan və yaxud digər erməni, Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi müraciət etməli və qanunvericiliyə uyğun olaraq vətəndaşlıq almalıdır”.

Gununsesi.info