Vəkil aliment öhdəliyinə əməl etməyən şəxsin cəzalandırılmasını tələb edir

  • Müəllif: admin
  • 03 Noyabr 2025 11:44

Tanınmış vəkil Yusif Allahverdiyev  Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət məktubu yazıb.

 

Gununsesi.info-ya da təqdim olunan şikayət məktubunda vəkil hüquqlarını müdafiə etdiyi Könül İsmayılovanın üzləşdiyi qanunsuzluqdan bəhs edib.

 

Həmin şikayət məktubunda deyilir:

“Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, 14.04.2016-cı il tarixli qətnaməsi və Binəqədi Rayon Məhkəməsinin 14.04.2023-cü il tarixli, 2(001)-864/2023-cü il tarixli qətnaməsi üzrə cavabdeh İmanov İlkin Vəkil oğlu öz aliment öhdəliklərini icra etmədiyi üçün Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu “aliment borcunun müəyyən edilməsi barədə” 03.05.2024-cü il tarixli qərar qəbul etmiş, həmin qərar
cavabdeh İlkin İmanov tərəfindən məhkəmə qaydasında mübahisələndirilimiş, nəticədə Binəqədi Rayon Məhkəməsinin 8(001)-565/2024 nömrəli, 02.07.2024-cü il tarixli qərardadı qəbul edilmişdir.

Binəqədi Rayon Məhkəməsinin 8(001)-565/2024 nömrəli, 02.07.2024-cü il tarixli qərardadı ilə Binəqədi rayon İcra şöbəsinin şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu “aliment borcunun müəyyən edilməsi barədə” 03.05.2024-cü il tarixli qərarı ləğv edilmiş və Sabirabad Rayon Məhkəməsinin 2(056)-895/2016 saylı, 14.04.2016-cı il tarixli və Binəqədi Rayon Məhkəməsinin 14.04.2023-cü il tarixli, 2(001)-864/2023-cü il tarixli icra sənədləri üzrə borcun yenidən hesablanması Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğluna həvalə edilmişdir. Qeyd edilən qərardaddan 13 dekabr 2024-cü il tarixində şikayət verilmişdir.

Qeyd edək ki, müvafiq məhkəmə işi üzrə qəbul edilmiş qərar bir başa iddiaçının maraqlarına toxunsa da məhkəmə prosesində İsmayılova Könül Qurban qızının iştirakı təmin edilməmişdir.

Könül İsmayılova övladı ilə birlikdə Türkiyə Respublikasında yaşamaqdadır, bu səbəbdən sözügedən qərardad iddiaçı tərəfindən rəsmi qaydada əldə edilməmiş və həmin qərarda bu barədə məlumat ona yeni bildirilmişdir. Məlumat üçün bidiririk ki, cavabdeh aliment öhdəliyini icra etmir. O, müxtəlif üsullarla öhdəliyindən yayınmağa çalışır. Belə ki, cavabdeh 20.05.2021-ci il tarixində “YapıKredi” Bankı vasitəsi ilə iddiaçıya 9960 ABŞ Dolları vəsait göndərmiş, sonra həmin məbləğin geri qaytarılmasını tələb etmişdir.

İlkin İmanovun tələbinə uyğun olaraq 82550,08 türk lirəsi məbləğində pul vəsaiti “YapıKredi” Bankı vasitəsi ilə 21.05.2024-cü il tarixində Könül İsmayılova tərəfindən ona geri qaytarılmışdır. Qeyd edək ki, sözügedən məlumatların əks oldunduğu təsdiqedici sənədlər ərizəyə əlavə edilir. Qeyd edilənlərdən məlum olur ki, İlkin İmanov öz aliment öhdəliyini icra etməmiş, həmin borcun icra edilməsinə dair təhrif edilmiş məlumatları təqdim etməklə məhkəməni yanıltmışdır. Cavabdehin müvafiq aliment ödənişini əvvəlcə icra etməsi, sonra həmin vəsaiti geri tələb etməsi onun öz öhdəliklərini icra etmək niyyətində olmadığının, lakin icraya dair saxta sübut yaratmaqla öhdəliklərindən yayındığının göstəricisidir.

Məhkəmə məsələni ətraflı araşdırmamış, müvafiq ödənişlərin İsmayılova Könül Qurban qızı tərəfindən alınıb-alınmamasına dair heç bir sübut tələb etməmişdir. Cavabdeh övladının təhsili, tərbiyəsi ilə maraqlanmır, onların inkişafı üçün heç bir maddi və ya mənəvi dəstək göstərmir. Uşağın bütün qayğılarını, ehtiyaclarını İsmayılova Könül Qurban qızı təkbaşına çəkir.

Lakin uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi tələbatlarını ödəmək iddiaçı üçün çox çətindir. Bu səbəbdən də, icra orqanı tərəfindən öhdəliyin məcburi icrası üçün zəruri hərəkətlər edilməli, icra edilmədiyi halda məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi səbəbindən İmanov İlkin Vəkil oğlu oğlu barəsində qanunvericiliyin
tələblərinə uyğun tədbirlər görülməlidir.

Belə ki, tərəfin hüquqlarının müdafəsinə yönələn, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə subyektiv hüququn mövcudluğunun elanıdırsa, həmin qətnamənin icra edilməsi bu hüquqların real təmin edilməsi deməkdir.

Hazırda Könül İsmayılova və övladı öz haqlarının real olaraq təmin edilməsi hüququndan məhrum olmuşdur. Buna səbəb, cavabdehin öz öhdəliyini icra etməməsi, bundan açıq-aşkar yayınması və icra orqanları tərəfindən zəruri məcburi icra tədbirlərinin görülməməsidir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq məhkəmə aktları üzrə müəyyən edilmiş aliment öhdəliyinin İmanov İlkin Vəkil oğlu tərəfindən tam icra edilməsinə, icra edilmədiyi halda onun barəsində qanunverciliyin tələblərinə uyğun tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsini Sizdən xahiş edirik”.

 

Firuzə Mahmudova

Gununsesi.info