ABŞ Prezidenti Donald Tramp deyib edib ki, biz İranın nüvə potensialını məhv etmişik.
İranın ali dini lideri Əli Xamenei “X”- sosial şəbəsində paylaşım edərək bu iddiaları rədd edib,
“ABŞ Prezidenti fəxrlə deyir, onlar İranın nüvə sənayesini məhv ediblər. Çox yaxşı, xəyal qurmağa davam edin”-deyə o qeyd edib.
Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Əli Xameneinin bu açıqlaması təxribatçı və təhrikedicidir:

“Onsuz da İran tərəfi zənginləşdirilmiş 400 kq-dan çox uranın olduğunu etiraf etməklə və onu gizlətməyi deməklə bir səhv buraxıblar. ABŞ və İsrail həmin uranı tapmaq üçün İranın istənilən bölgəsini hədəf ala və sonra elan edə bilər ki, axtardıq, vurdıq — indi o uran orada yoxdur. Xamenei bu bəyanatla İranın müxtəlif regionlardakı nüvə və hərbi obyektlərini zərbə altına qoymuş olur. İran hakimiyyəti bu bəyanatla öz aləmində ABŞ a qarşı çəkindirici bir siqnal göndərir: “Mənim nüvə obyektlərim və sənayem mövcuddur, onlara zərər dəyməyib, buna görə də ABŞ -ı qorxutmaq üçün atom silahı istehsal edə bilərəm.
Bununla da ABŞ-ı guya öz aləmində İrandan çəkinməyə məcbur edəcək. Digər tərəfdən, ötən gün ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bəyan edib ki, İranla danışıqlara dair siqnallar alır.
İran tərəfi də bunu təsdiqləyib və bildirib ki, vasitəçilərin yardımı ilə İran və ABŞ arasında bu və ya digər məsələlərə dair müəyyən danışıqlar aparılır”.
Sədrəddin Soltan qeyd edib ki, bu, Tehranla Vaşinqton arasında diplomatik kanalın tam bağlanmadığını göstərir
“Bu kanalda təmaslar mövcuddur, dolaylı və ya birbaşa olması fərq etmir. Bütün hallarda, təmasların olması müəyyən mənada ümidvericidir. Tehran hakimiyyətinin lideri bu danışıqlar prosesinə və təmaslara təzyiq vasitəsi kimi Trampın ünvanına müxtəlif alçaldıcı ifadələr işlədib və özlərinin atom sənaye qüdrəti ilə bağlı açıqlamalar verib. Bu halda Tehran hakimiyyətini müdafiə edən qüvvələr, onun strateji müttəfiqləri və tərəfdarları da çətin vəziyyətdə qala bilər. Yəni, söhbət Çin və Rusiyadan gedir.
Əgər İranın nüvə sənayesi varsa, deməli orada nüvə silahının hazırlanması təhlükəsi mövcuddur. Bu halda Çin və Rusiya İranı müdafiə etməkdə çətinlik çəkəcək, çünki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri də İranın nüvə obyektlərinə buraxılmır. Deməli, Tehran barədə şübhələnmək və ona qarşı təzyiq və sanksiyaları artırmaq üçün əsaslar mövcuddur. Digər tərəfdən, təhdid və sanksiyaların tətbiqi məntiqə uyğundur və Tehran hakimiyyəti bunu özü də bilmədən təsdiq edir”.
Şəbnəm












