Xüsusi Təyinatlı Qüvvələrin qazisi məktəblilərlə görüşdü - FOTOLAR

  • By admin
  • 25 Oktyabr 2022 19:54

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənovla məktəblilərin növbəti görüşünü Mingəçevirdə təşkil edib. Ağdam rayon 50 saylı tam orta məktəbdə keçirilən tədbirə həmin məktəbin və Kəlbəcər rayon 35 saylı tam orta məktəbin 65 şagirdi qatılıb.

Tədbirdə çıxış edən Ağdam rayon 50 saylı tam orta məktəbin direktor əvəzi Rüzgar Cəfərova keçirilən tədbirin yeniyetmələrin vətənpərvərlik ruhunun artırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Daha sonra çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova ikinci ildönümünü qeyd etdiyimiz Zəfər tariximizin hər gününün bir qəhrəmanlıq səlnaməsi olduğunu bildirib: “Həmin qəhrəmanlıq tarixini öz qanı ilə yazan igid Azərbaycan hərbçilərini tanımaq və tanıtmaq hər birimizin borcudur. Bu gün burada bizimlə birlikdə olan Vətən Müharibəsi qazisi Cavid Həsənov da Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçib. Cavid Həsənov sizlərə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq. Keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını qazimizin öz dilindən eşidəcəksiniz”.

G.Həsənova qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəaliyyətlərə xüsusi diqqət ayırır: “Bizim icra etdiyimiz “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsinin də əsas məqsədi Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etmək, zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etməkdir. Layihə çərçivəsində həm də şagirdlər arasında “Zəfərə aparan yol” adlı hekayə müsabiqəsi elan olunub. Şagirdlər Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət əks olunan hekayələrini 3 noyabradək müsabiqəyə təqdim edə bilərlər”.

Daha sonra məktəblilər çıxış edən Vətən Müharibəsi qazisi Cavid Həsənov Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin şücaəti, keçdikləri döyüş yolu ilə bağlı məlumat verib. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərinin cəmi 44 günə necə azad edilməsi barədə danışan Cavid Həsənov qəhrəmanlarımızın həyat yolunun hər kəs üçün örnək olduğunu qeyd edib.
Cavid Həsənov şagirdləri respublikamızdakı hərbi məktəblər, hərb sənətinin üstünlükləri, hərbi məktəblərə qəbul qaydaları barədə bilgiləndirib.

Daha sonra çıxış edən Vətən Müharibəsi qaziləri Elnur Abdullayev, Elçin Bayramov da keçdikləri döyüş yolu və müharibə zamanı hərbçilərimizin qəhrəmanlıqlarından danışıb.

Daha sonra Vətən Müharibəsi qaziləri Cavid Həsənov, Elnur Abdullayev və Elçin Bayramov məktəblilərin suallarını cavablandırıblar.

Gununsesi.info