“Yeni Zığ”da özbaşınalıq: Səhv parklanma sakinləri çətin vəziyyətdə qoyub

Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi 93 ünvanında yerləşən “Yeni Zığ” yaşayış kompleksinin sakinləri avtomobillərin nizamsız park edilməsindən narazıdırlar.

Bu barədə sakinlər Gununesi.info -ya müraciət ediblər.

Onların sözlərinə görə, kompleksin əsas giriş-çıxışında, xüsusilə də şlaqbaumun qarşısında müxtəlif avtomobillər qaydasız şəkildə saxlanılır:

“Bəzi sürücülər avtomobillərini keçid yolunda saxlayıb uzaqlaşırlar. Bu səbəbdən həyətə digər avtomobillərlə yanaşı, operativ xidmət maşınlarının da girişi çətinləşir.

4 gün əvvəl kompleksdə baş verən yanğın zamanı da bu problemlə üzləşdik. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri həyətə daxil olsalar da, qarşılarına çıxan avtomobil onların hərəkətini çətinləşdirib. Nəticədə yanğınsöndürənlər xüsusi texnikanı kənarda saxlayaraq hadisə yerinə piyada getməli olublar.

Bu cür hallar gələcəkdə daha ciddi təhlükələrə səbəb ola bilər”.

Onlar qeyd ediblər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik, bizə MTK-nın məsələyə baxmalı olduğunu dedilər. Ancaq MTK heç bir tədbir görmür. Bəs biz dərdimizi kimə deyək? Kompleksdə hər yaşda insan yaşayır. Təcili yardım maşınları həyətə daxil ola bilmir, yaşlı sakinlər isə binaya girib-çıxmaqda çətinlik çəkirlər. Bu, açıq-aşkar özbaşınalıqdır”.

Sakinlər aidiyyəti qurumlardan məsələnin həllini və keçid yollarının boş saxlanılmasına nəzarətin artırılmasını istəyirlər.

 

 

Şəbnəm Rəhimova

Gununesi.info