Zelenski: ABŞ “Patriot” raketlərinin 10 faizini satsa, Rusiyanın bütün raketlərini məhv edərik

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 23:21

Rusiya ötən gecə Ukraynanın Dunay çayı üzərində yerləşən ən böyük taxıl ixracı limanı olan İzmailə zərbələr endirib. Zərbələr nəticəsində liman infrastrukturuna ziyan dəyib, yanğın baş verib və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Gununsesi.info  xəbər verir ki, İzmail limanı Odessa vilayətinin cənubunda, Rumıniya sərhədi yaxınlığında yerləşir. Rayon administrasiyasının məlumatına görə, Rusiya zərbələri nəticəsində liman infrastrukturuna ziyan dəyib.

Həmçinin Odessa vilayətində Rusiya dronunun sərnişin qatarına zərbə endirməsi nəticəsində maşinist və onun köməkçisi həlak olub.

Hadisə ilə əlaqədar NATO və Avropa İttifaqının üzvü olan Rumıniya havaya iki qırıcı təyyarə qaldırıb. Rumıniya Müdafiə Nazirliyi bildirib ki, hava hədəfi Ukrayna istiqamətinə yönəlməzdən əvvəl təxminən 10 dəqiqə ölkənin hava məkanında qalıb.

Qeyd edək ki, bundan bir gün əvvəl Ukrayna Rusiyanın Qara dəniz sahilində yerləşən əsas taxıl ixracı mərkəzlərindən biri olan Novorossiyskə zərbə endirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə avqustun 12-də CNN-ə açıqlamasında ölkəsinin Rusiyanın artan ballistik raket hücumlarından qorunmaq üçün ABŞ-dən daha çox hava hücumundan müdafiə raketinə ehtiyacı olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ mövcud “Patriot” raket ehtiyatının 5 faizini Ukraynaya versə, ölkəsi qışı keçirməyə və insanların həyatını qorumağa nail ola bilər. O, ehtiyatın 10 faizinin verilməsinin Rusiyanın ballistik raket hücumlarının qarşısını almağa kifayət edəcəyini deyib.

Bildirilir ki, ballistik raketlərin vurulması dron və qanadlı raketlərlə müqayisədə daha çətindir.

Rusiyanın iyul ayında Ukraynaya 450-dən çox müxtəlif tipli raket atdığı, onların yarıdan çoxunun ballistik raketlər olduğu qeyd edilir.

Gununsesi.info