Əfqanıstanda Rusiya səfirliyinin qarşısında partlayış: Diplomatların həlak olduğu iddia edilir- VİDEO

Rusiya Federasiyasının Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirlik binasının qarşısında partlayış törədilib.

İlkin məlumata görə, partlayış konsulluğun qarşısında rus diplomatın viza almaq üçün növbədə gözləyənlərin siyahısını oxumaq üçün bayıra çıxdığı zaman baş verib.

Həmin vaxt diplomatik korpusun qarşısında dayanan şəxslərin əksəriyyəti viza üçün müraciət edən əfqan tələbələr olub.

Əfqanıstan mətbuatı yazır ki, partlayışdan sonra səfirliyin ətrafına həlak olmuş insanların meyitləri səpələnib.

Əfqanıstanın sosial şəbəkə seqmenti ölənlər arasında iki rusiyalı diplomatın olduğunu yazır.

Hazırda “Taliban” silahlıları əraziyə girişi tam qadağan ediblər, hadisə baş verən ərazidə hər hansı çəkiliş etməyə icazə verilmir, buna cəhd edilənlərin telefonları əllərindən alınır.

Hadisənin digər təfərrüatı barədə hələlik məlumat verilmir.

Gununsesi.info