Əlizamin Salayevin anası İlham Əliyevə müraciət etdi

Gununsesi.info xəbər verir ki, istintaq təcridxanasında aclıq edən Zamin Salayevin anası oğlunun həbsdən azad edilməsi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edib:

 

“Oğlumu məhkəmədə ölümcül vəziyyətdə gördükdən sonra özümə yer tapa bilmirəm. Hər an onun ölüm xəbərini almaq qorxusu ilə yaşayıram. Ana üçün bu, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli bir əzabdır. Bir ana kimi sizdən məni bu əzabdan xilas etməyi xahiş edirəm”, deyə Şamama Salayevanın mayın 19-da ölkə rəhbərliyinə göndərdiyi məktubda qeyd edilir.

 

Onun sözlərinə görə, Salayevin ailəsi ona görə çox narahatdır. “Oğlumun azyaşlı qızı məhkəmədə atasını gördükdən sonra kədərdən yemək yeyə bilmir. Mən oğlumun həyat yoldaşının və qızının gözlərinə baxa bilmirəm. Xahiş edirəm, onu azad edin, yarısağ vəziyyətdə də olsa, ailəsinin yanına qayıtsın”, deyə Ş.Salayeva yazır.

 

 

Şəbnəm

Gununsesi.info