Əsas vəzifələrdən biri -Məşhur Məmmədov yazır

  • By admin
  • 03 Aprel 2023 13:17

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yolla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Müzəffər  Azərbaycan Ordusu Laçın rayonunun cənub hissəsini döyüşərək azad etdi. Güləbird və digər bir neçə kənd döyüş meydanında igidlərimizin şücaəti ilə azad edildi. Məhz bu əməliyyat və Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun digər hissəsinin siyasi yollarla azad edilməsi bizim böyük tarixi Zəfərimizdir.

Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşayacaq və Azərbaycan dövləti bunu təmin edəcək.

Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti apararaq xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirmiş və orada yerləşdirmişdilər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Son dövrlər Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır.  Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər.

Prezident İlham Əliyev istər beynəlxalq, istərsə də yerli görüşlərdə dəfələrlə bəyan edib ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi.

Laçın Azərbaycandır! Laçında ifrastruktur bərpa edilir. Tezliklə laçınlılar dədə-baba torpaqlarına qayıdacaqlar.

Cənab Prezidentin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin qəbulu zamanı qeyd etdiyi kimi, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan – Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb.

Aparılan düzgün siyasət nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq.

Laçın şəhərinin memarlıq üslubu göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Laçın bir cənnət məkan olacaq.

Qloballaşan dünyada baş verənlər ölkəmizdən də yan keçmir, zaman yeni idarəetmə üsulu tətbiq edilməsini tələb edir. Hazırda Qarabağ iqtisadi rayonunda inzibati idarəetmə üsuluna keçilib. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər ərazilərində də tətbiq ediləcək. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

Məşhur Məmmədov

Milli Məclisin deputatı