“2026-cı ildə manatın məzənnə sabitliyi qorunacaq” -İQTİSADÇI

Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıb. Məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər hökumət üzvləri iştirak ediblər.

Büdcə layihəsi hökumət üzvləri və deputatların müzakirəsinə təqdim edilib.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Gununsesi.info -ya şərh verib:

“2026-cı ilin büdcə müzakirələri zamanı, hər il olduğu kimi, bu il də çox maraqlı məqamla və fikirlər səsləndirilir. Hazırkı mərhələdə ictimaiyyət üçün ən diqqətçəkən mövzulardan biri manatın gələn ildə məzənnə perspektividir. Mərkəzi Bank rəhbərinin çıxışları göstərir ki, növbəti ildə də manatın məzənnə sabitliyi qorunacaq.

 

Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. MB rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq.

 

Vətəndaş üçün də ən həssas məsələ budur, yəni manatın dəyəri. Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur.

 

Bu yanaşmanın iqtisadi əsası varmı? Təqdim edilən proqnozlara görə var”.

 

İqtisadçı əlavə edib ki, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir.

 

“Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir.

 

Bir sözlə, 2026-cı ilə dair mənzərə sabitdir. Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir”.

 

 

Şəbnəm Rəhimova

 

Gununsesi.info