Ukrayna Rusiyanın raket zərbələri nəticəsində istilik elektrik stansiyalarının gücünün 90%-ə qədərini itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ali Radanın “Batkivşina” partiyasından olan deputatı, ölkənin keçmiş mənzil-kommunal təsərrüfatı naziri Aleksey Kuçerenko bildirib.
“Biz 8 min meqavat elektrik enerjisini itirmişik. Bu ciddi məsələdir. Dünən mən enerji işçiləri ilə danışdım – 8 mindən 800-ü işləyir “– deyə Kuçerenko vurğulayıb.
Onun sözlərinə görə, ölkədə elektrik enerjisi istehlakına qoyulan məhdudiyyətlər uzun müddət davam edəcək.
Yaxın gələcəkdə vəziyyət kökündən dəyişməyəcək, çünki mütəxəssislər stansiyaları tez təmir edə bilməyəcəklər.
O, həmçinin hesab edir ki, Aİ ölkələrindən elektrik enerjisi idxalının həcminin artırılması Ukraynaya kəsirdən yayınmağa kömək etməyəcək.
Ukraynanın energetika naziri German Qaluşenko da Rusiyanın ölkənin enerji sektoruna vurduğu ziyanı böyük adlandırıb. Onun sözlərinə görə, Ukrayna qışda istehsal etdiyi 18 QVt-dan 8 QVt-a qədər enerji itirib.
Eyni zamanda Ukraynanın baş naziri Denis Şmıqal mayın əvvəlində ölkədə ümumilikdə 800-dən çox istilik təchizatı obyektinin dağıdıldığını və ya zədələndiyini, onların bərpası üçün “təxminən 1 milyard dollara yaxın böyük məbləğ” tələb olunduğunu bildirib.
Mayın 20-dən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki tətbiq edilib. Məişət istehlakçıları və sənaye müəssisələri saat 18:00-dan 24:00-dək qrafik üzrə elektrik enerjisinə qənaət edəcəklər.
Qeyd edək ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf aldığını təsdiqləyib. Onun sözlərinə görə, Moskva bununla da Kiyevin Rusiyanın enerji obyektlərinə, xüsusən də neft emalı zavodlarına hücumlarına cavab verir. İlin əvvəlindən Ukrayna 30 dəfədən çox pilotsuz təyyarələrlə onlara hücum edərək Rusiyanın ən böyük neft zavodlarını müvəqqəti olaraq sıradan çıxarıb.
Gununsesi.info