“Gənclər xoşbəxtliyi ölkə xaricində axtarırsa, deməli, daxildə problemlər var” -SOSİOLOQ

Gənclər arasında xaricə təhsil, iş və yaşayış məqsədilə getmək meyli getdikcə artır.

Bu proses həm sosial, həm də iqtisadi baxımdan müəyyən nəticələr doğurur. Əsas səbəblərdən biri iş imkanlarının məhdudluğu, yaşam şəraitinin çətinliyi və gələcək perspektivlərin qeyri-müəyyənliyidir.

Bəs gənclərin Azərbaycanda qalmasını stimullaşdırmaq üçün nə edilməlidir?

Gununsesi.info -ya danışan sosioloq Naib Niftəliyev mövzunu belə şərh edib:

"Heç vaxt asan gəlirin dalınca qaçmayın" - Naib Niftəliyev

“Gənclər arasında xaricə təhsil, iş və yaşayış məqsədilə getmək meyli getdikcə artır. Bu, həm sosial, həm də iqtisadi nəticələr doğurur. Əgər gənclər gələcəklərini və xoşbəxtliklərini ölkə xaricində axtarırsa, deməli, iqtisadi vəziyyət, sosial və tibbi xidmətlərin səviyyəsi hələ də gözlənilən səviyyədə deyil.

Gənclər siyasəti, təhsil və məşğulluq sahəsindəki problemlər, eləcə də yüksək maaşlı iş yerlərinin azlığı onları xaricə üz tutmağa vadar edir. Onların bir hissəsi müvəqqəti xaricdə təhsil və iş məqsədilə gedir, bir hissəsi isə daha yaxşı rifah axtarır”.

Sosioloq hesab edir ki, bu prosesin kütləvi hal alması artıq ictimai narahatlıq doğurur və dövlətin məqsədi gənclərin ölkədən getməsini məhdudlaşdırmaq deyil, onların burada qalmasını stimullaşdırmaq olmalıdır.

Gülxanım Əliyeva

Gununsesi.info