İsrail parlamenti (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası təşəbbüsü dəstəkləməyib. Parlament üzvlərinin təklif etdiyi qanun layihəsi çox az səs fərqi (25/24) ilə qəbul edilib.
Bəs qanunun qəbul olunması bu bölgədə hansı nəticələrə yol aça bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, bu, İsrail hökumətinin əvvəlki planlarının bir hissəsidir:

“İordan çayının Qərb sahili, Qəzza zolağı və ümumilikdə bəzi əraziləri İsrailin tərkibinə daxil etmək. Lakin beynəlxalq ictimaiyyət, o cümlədən oktyabrın 13-də ABŞ ilə birlikdə keçirilmiş sülh samitində iştirak etmiş ölkələr bu planlara qarşı qəti mövqe sərgiləyir.
ABŞ və Böyük Britaniya, Qəzza, İordan çayının Qərb sahili və Qüdsün şərq hissəsini Fələstinin ərazisi olaraq tanıyır. 1967-ci il sərhədləri çərçivəsində Fələstinin müstəqilliyi nəzərdə tutulduqda, bu ərazilər əsas götürülür. Nə ABŞ, nə də Böyük Britaniya həmin ərazilərin İsrailin ərazi tətbiqinə daxil edilməsini tanımır və bu ilhağı qəbul etməyəcək”.
O, qeyd edib ki, belə bir vəziyyətdə İsrail bir dövlət kimi ABŞ və Böyük Britaniya kimi strateji müttəfiqlərindən məhrum ola bilər.
“Bu isə regionda təcrübəsiz və çoxsaylı problemlərlə üzləşməyə səbəb ola bilər. Hazırkı hökumət koalisiyası daxilində də gərginlik mövcuddur. Maliyyə və təhlükəsizlik nazirləri bəzən baş nazir Benyamin Netanyahunu açıq şəkildə təhdid edici bəyanatlarla çıxış edirlər. Buna görə də İordan çayının Qərb sahili ilə bağlı məsələ sadəcə siyasi bir aksiyadan ibarət deyil; bu, ultra radikal qrupların iddialarının bir hissəsidir. Bu qruplar “çaydan çaya” kimi ağla gəlməz planlarla hələ də siyasi təsir göstərməyə çalışırlar.
Bu məsələ ABŞ-ın region dövlətləri ilə müttəfiqliyinə zərbə vurmaqla yanaşı, ABŞ-ın bölgədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən tərəfdaş kimi İsrailə ciddi mənfi təsir edə bilər.
Son vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahu Rusiyaya və İrana mesajlar göndərib. Bu mesajlarda İsrailin İrana qarşı hərbi əməliyyat həyata keçirməyəcəyi bildirilib. Ardınca bu məktublar İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim edilib. Eyni zamanda Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Putinin məktubunu İran lideri Xamneiyə çatdırıb. Bu “üçbucaq məktublaşması” göstərir ki, yaxın zamanlarda İrana qarşı hərbi əməliyyatların başlama ehtimalı çox aşağıdır.
Hal-hazırda beynəlxalq ictimaiyyətin diqqəti daha çox Qəzza zolağında vəziyyətin normallaşmasına, sülhün təmin olunmasına yönəlib. Bu səbəbdən, İsrail parlamentində ilkin oxunuşda qəbul edilmiş İordan çayının Qərb sahili ilə bağlı qanun layihəsi regionda vəziyyəti gərginləşdirdiyi halda belə, İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı çox aşağıdır”-deyə Sədrəddin Soltan fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova












