“Paşinyan hakimiyyəti Rusiyayönlü qüvvələrdən xilas olmağa çalışır” -SİYASİ ŞƏRHÇİ

“Paşinyanın indiki dövrdə atdığı addımlar bir neçə istiqamətdə həyata keçirilir. O, rəqiblərini sıradan çıxararaq Ermənistanın gələcəyi üçün yeni yol açmağa çalışır. Bu, əslində, Ermənistanın Rusiyadan xilas olma yoludur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:

“Ermənistanın Rusiyadan xilas olmasının əsas istiqamətlərindən biri mövcud kilsə sisteminin təmizlənməsidir

Yəni Qriqorian kilsəsinin, katolikosun və digər dini rəhbərlərin fəaliyyətinin dayandırılması nəzərdə tutulur. Məsələn, oxşar hadisə Ukraynada baş verdi — orada Rusiya Pravoslav Kilsəsinə bağlılıq aradan qaldırıldı və İstanbuldakı kilsəyə tabe edildi. Ermənistan da bu istiqamətdə addımlar atır. Çünki kilsə ənənəvi olaraq Rusiyaya xidmət edib və regionda türklərlə düşmənliyi təbliğ edən əsas qurumlardan biri olub.

Bu qurum dini fəaliyyətlə deyil, daha çox regionda millətlərarası qarşıdurmaların, ixtilafların qızışdırılması ilə məşğul olub. Bu baxımdan Paşinyan hakimiyyət, ordu, iqtisadiyyat və təhlükəsizlik strukturlarında islahatlar aparmaqla, kadr dəyişiklikləri etməklə, “5-ci kolon”dan xilas olmağa çalışmaqla yanaşı, həm də Katolikos II Qaregin və onun komandasından qurtulmağı hədəfləyib.

Diqqət yetirsək, Qareginin və onun ətrafındakı şəxslərin çıxışları revanşistlərin — Robert Koçaryan və Serj Sarkisyanın çıxışları ilə eynilik təşkil edir. Bu, Moskvanın keçmişdə Ermənistana və ümumilikdə regiona tətbiq etdiyi siyasi kursun davamıdır. Hətta hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyan belə, kilsəni maliyyələşdirməklə və Rusiyanın Ermənistanla bağlı ideyalarını reallaşdırmaqla gələcəkdə özünü yeni siyasi lider kimi təqdim etməyə çalışır”.

Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın siyasətində birinci istiqamət Rusiyadan uzaqlaşmaq, ikinci istiqamət rəqiblərin sıradan çıxarılması, üçüncü istiqamət isə 2026-cı ilin yayında keçiriləcək seçkilərdə qələbəni təmin etməkdir.

“Çünki Paşinyan və onun tərəfdarları seçkiyə hazırlaşdıqları kimi, müxalif qüvvələr də bu prosesə ciddi şəkildə hazırlaşır.

Ermənistanda Gürcüstandakı kimi bir ssenarinin — yəni İvanaşvilinin hakimiyyətə gətirilməsi və onun fəaliyyəti nəticəsində yeni, Rusiyayönlü qüvvələrin formalaşması — təkrarlanma ehtimalı var. Samvel Karapetyanın hakimiyyətə gətirilməsi ilə Ermənistanı Gürcüstan modelinə çevirmək planlaşdırılır.

Paşinyan hökuməti isə bu cür proseslərin qarşısını almaq üçün həm kilsədə, həm hakimiyyət strukturlarında, həm də iqtisadiyyatdakı Rusiyayönlü qüvvələrdən və milyarderlərdən xilas olmağa çalışır. Məsələn, yaxın günlərdə Moskvadan qayıtmış bir bələdiyyə başçısının həbsi buna nümunədir. Çünki həmin bölgələrdəki bələdiyyələr Paşinyanın partiyasına deyil, Rusiyayönlü və ya müxalif qüvvələrə bağlıdır. Onlar mütəmadi olaraq Moskvaya səfərlər edir, siyasi göstərişlə ölkəyə qayıdır və yeni aksiyalar təşkil edirlər.

Beləliklə, Paşinyanın atdığı addımlar həm Ermənistanın gələcəyi, həm də onun hakimiyyətinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

 

 

 

Şəbnəm

Gununsesi.info