“Mikail Cabbarovun və Ceyhun Bayramovun nazirliyi dövründə olimpiadalar, fənn olimpiadaları və buna bənzər tədbirlər sahəsində müəyyən şəffaflıq yaradılmışdı. Lakin sonrakı illərdə bu sahə də bazar prinsiplərinə çevrildi. Reallıq isə budur ki, əgər istedadlı uşaqlarla işə düzgün yanaşmaq istəyiriksə, diqqətimizi birbaşa həmin uşaqlarla işləyən müəllimlərə və mütəxəssislərə yönəltməliyik”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov qeyd edib:
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasını araşdırdıqda görürük ki, ikinci istiqamətdə nəzərdə tutulan hədəflərdən biri istedadlı uşaqlarla işin təşkili və metodologiyaların hazırlanmasıdır. Prezidentin 19 yanvar 2015-ci il tarixli 995 nömrəli sərəncamı və Dövlət Strategiyasının tədbirlər planı da bunu təsdiqləyir. Hətta bu metodologiyaların 2020-ci ilə qədər hazırlanması nəzərdə tutulmuşdu.
Buna baxmayaraq, sual yaranır: istedadlı uşaqlar üçün hər il milyonlarla vəsait xərclənirsə, niyə hələ də metodologiyalar hazırlanmayıb? Təhsil İnstitutu isə işi-gücü lisey və gimnaziyalarda imtahan keçirməyə sərf edir. Halbuki bu məktəblərdə vəziyyət çox bərbaddır. Müəllimlər 18 saatlıq dərs yükünə uyğun təyin olunmur, müxtəlif kurslardan və bəzi şəbəkələrdən (FETO və s.) müəllimlər lisey və gimnaziyalara kütləvi şəkildə göndərilir”.
O, qeyd edib ki, bu səbəbdən istedadlı uşaqların vəziyyəti çox mürəkkəbdir.
“Lisey və gimnaziyaların idarə olunması isə açıq bazar prinsipləri ilə gedir. May ayında keçirilmiş imtahanlarda bu durum özünü bir daha göstərdi: suallar sızdırıldı, 350 uşaqdan 300-nün nəticəsi ləğv olundu, yalnız 50 nəfərin nəticəsi bərpa edildi. Sualları hazırlayan və imtahanı keçirən orqanlar eyni idi və bu prosesdən milyonlarla vəsait qazanıldı.
Burada əsas məsələ budur ki, büdcədən bu imtahanlara nə qədər pul xərclənir. Məsələn, müəllimlərin işə qəbulu üçün bir nəfərə 120 manatdan çox vəsait sərf olunur. Eyni qayda Sertifikasiya, lisey və gimnaziyalarda da tətbiq edilir.
Mən həmişə təklif edirəm ki, bu və buna bənzər imtahanlar Elm və Təhsil Nazirliyindən alınaraq Dövlət İmtahanı Mərkəzinə verilsin. Bu halda, imtahanın ödənişli olsa da, 30–40 manata başa gəlməsi mümkündür, halbuki hazırda büdcədən hər iştirakçı üçün 120 manatdan çox xərclənir. Problemlər isə yalnız maliyyə ilə bitmir; lisey və gimnaziyalarda çoxsaylı idarəçilik və təşkilati çatışmazlıqlar mövcuddur,”-deyə təhsil eksperti əlavə edib.
Şəbnəm Rəhimova










