Yəni faktiki olaraq “torpaq qarşılığında pul” sxemi tətbiq ediləcək. Bununla belə, Ukraynanın suverenliyi formal olaraq pozulmayacaq.
Mənbələrin məlumatına görə, Ukrayna Donbas üzərində hüquqi mülkiyyətini saxlayacaq, yəni xəritəyə əsasən bura Ukraynanın olacaq. Əraziyə nəzarət müqabilində isə Moskva torpaq vergisi ödəyəcək:
“Bu, Ukraynanın öz torpaqlarına çıxışı itirməsi ilə bağlı zərərin kompensasiyası kimi nəzərdə tutulur. İcarə məbləği açıqlanmır. Ukrayna Konstitusiyasına görə, ərazi verilməsi məsələsi ümumxalq səsverməsinə çıxarılmalıdır. Ancaq “icarə müqaviləsi” halında belə bir tələb yoxdur. Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ sülh planına razılıq verməsini tələb edir”.
Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki,ABŞ-ın hazırladığı “sülh planı”nın Rusiya tərəfindən qəbul edilməsi göstərir ki, bu sənəd əslində ikitərəfli razılaşma əsasında formalaşıb:

“Əgər bu “sülh planı” Ukraynaya qəbul etdirilərsə, Rusiyanın Cənubi Qafqaza yönəlik təzyiqlərinin artması mümkündür. Məhz buna görə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında 2020–2021-ci illərdə imzalanmış üçtərəfli razılaşmaların qüvvədə olduğunu vurğuladı. Bu bəyanat Kremlin regionda öz maraqlarını qorumağa davam edəcəyinin açıq mesajıdır.
Rusiya, Vaşinqtonda imzalanmış üçtərəfli razılaşmaları görməzdən gələrək yalnız öz vasitəçilik formatını ön plana çıxarır. Əgər ABŞ və Rusiya Ukrayna məsələsində müəyyən razılığa gələrsə, bunun nəticəsi kimi Rusiyanın Ermənistana qarşı siyasi təzyiqləri güclənə bilər. Eyni zamanda, Kreml Azərbaycanla üçtərəfli razılaşmalara qayıtmaq üçün də əlavə təzyiq mexanizmlərini işə sala bilər”.
Məhəmməd Əsədullazadənin fikrincə Trampın “sülh planı” yalnız Ukraynanın əleyhinə deyil — bu plan Rusiyaya əlavə strateji üstünlüklər qazandıraraq onun yeni təsir zonasını formalaşdırmasına şərait yaradır:
“Rusiya üçün Ukraynadan sonra növbəti hədəf Cənubi Qafqaz ola bilər. Çünki Orta Dəhlizin əsas hissəsi məhz bu regiondan keçir və nəqliyyat-kommunikasiya xətlərinə nəzarət Moskva üçün strateji prioritetdir. Buna görə Rusiya öz mövqelərini zəiflətməyə heç bir halda razı olmayacaq.
ABŞ-ın hazırladığı sülh planı, əslində, Rusiyanın regionda mövqeyini yenidən gücləndirmiş olur. Vaşinqton Ukraynada Rusiyaya müəyyən güzəştə gedirsə, bu cür güzəştlər gələcəkdə Cənubi Qafqazda da təkrarlana bilər.
Bununla belə, Türkiyə faktoru nəzərə alınmalıdır. Həm Azərbaycan, həm Ermənistan belə bir geosiyasi tərtibatla razılaşmayacaq. Gürcüstan isə artıq bir müddətdir ki, Kremlin narrativləri ilə hərəkət edir və bu proses Cənubi Qafqazdakı güc balansını daha da mürəkkəbləşdirir”.
Şəbnəm











