617 bal. Bu rəqəm bizdə çox vaxt sadəcə bir nəticə deyil, bütöv bir gələcək kimi qəbul olunur. Yüksək bal topladınsa, deməli, “ən yaxşı” ixtisası seçməlisən. Tibb, hüquq, kompüter mühəndisliyi, iqtisadiyyat…
Cəmiyyətin gözündə prestijli olan nə varsa, seçimlərin də sanki onların arasından edilməlidir.
Amma Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı 617 balla başqa yol seçib. O, baytarlıq ixtisasını, özü də ingilis dilində təhsil formasını seçib.
Və məncə, burada qəribə heç nə yoxdur.
Əksinə, bəlkə də, ən çətin şeylərdən birini edib: öz seçimini edib.
Çünki 617 balla “istənilən sahəni seçmək olardı”. Amma məsələ məhz budur: istənilən sahəni seçə bilmək, istənilən sahəni istəmək demək deyil.
Xaliq deyir:
“Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim”.
Bu cümlələrdə mənə görə çox vacib bir məqam var: “Böyüdükcə anladım ki, bu hiss keçici deyil”.
İnsanın özünü tanıması, bəlkə də, yüksək bal toplamaqdan daha böyük uğurdur.
Cəmiyyət isə bəzən insanın neçə bal toplamasından onun nə istəməli olduğunu müəyyənləşdirir. 617 bal toplamısansa, niyə baytarlıq? Niyə daha “yüksək” hesab olunan bir ixtisas yox? Niyə qazancı daha çox olan sahə yox?
Amma “daha yaxşı” nədir?
İnsan sevmədiyi, amma cəmiyyətin bəyəndiyi bir peşədə uğursuz və bədbəxt ola bilər. Başqasının gözündə adi görünən bir sahədə isə özünü tapıb çox böyük işlər görə bilər.
Baytarlıq da “617 bala heyif” deyiləcək bir peşə deyil. Əksinə, heyvan sağlamlığı, kənd təsərrüfatı, qida təhlükəsizliyi, epidemiologiya və bütövlükdə insan sağlamlığı ilə birbaşa əlaqəli ciddi və məsuliyyətli bir sahədir. Üstəlik, dünyada heyvanlara münasibətin, ev heyvanlarının sayının, müasir baytarlıq xidmətlərinə tələbatın artdığı bir dövrdə bu sahənin perspektivini görmək heç də qəribə seçim deyil.
Amma bütün bunlardan da önəmlisi budur: bu, onun həyatıdır.
Biz uşaqlara illərlə “çox bal yığ” deyirik. Sonra çox bal yığanda da “amma niyə bunu seçdin?” soruşuruq.
Bəlkə də, onlara daha əvvəl başqa bir sual verməliyik:
“Sən nə istəyirsən?”
Xaliq nə istədiyini bildiyini deyir. Heyvanlara olan sevgisinin keçici olmadığını anlayıb və bunu gələcək peşəsinə çevirmək qərarına gəlib.
Məncə, 617 balın ən gözəl tərəfi də budur: o bal Xaliqə seçim azadlığı verib. O isə həmin azadlıqdan istifadə edərək başqalarının seçəcəyini yox, özünün seçdiyini seçib.
Cəmiyyət onu qınaya bilər. “Bu qədər bal toplamısan, niyə?” deyə bilər. Amma sabah onun yerinə işə gedəcək olan, gecə növbəsində heyvan müalicə edəcək olan, illərini bu peşəyə sərf edəcək olan da cəmiyyət deyil.
Odur.
Bəzən ən doğru seçim ən çox alqışlanan seçim olmur.
Bəzən ən doğru seçim insanın içindən gələn seçimdir.
617 bal onun qarşısına yüzlərlə qapı açıb. Xaliq isə həmin qapıların içindən özünə aid olanı seçib.
Məncə, düz edib.
Elmar











