“ABŞ, bölgədə Rusiyadan ən çox asılı olan ölkəni öz qucağına alır” -ŞƏRH

“Cey Di Vensin bölgəmizə səfəri bir çox kontekstdən dəyərləndirmək lazımdır. ABŞ, bölgədə Rusiyadan ən çox asılı olan ölkəni öz qucağına alır, böyük investisiya layihələri, “Tramp yolu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

“Ermənistan, faktiki olaraq, iqtisadi baxımdan Rusiyanın “muxtariyyatı” idi, hələ də asılılıq həddən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri, qaz təminatı kimi stateji sahələrdə Rusiyadan çox asılıdır. Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir – deməli, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır. Bu səfər, həm də Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır.

Bu gedişat Azərbaycana srateji olaraq sərfəlidir, amma, iqtisadi yarışda geri düşməmək şərti ilə yaxşıdır. Yəni, Ermənistanla sülh müqaviləsi, qarşılıqlı tanıma, səfirliklərin açılması, iqtisadi münasibətlər – bunlar çox yaxşı, amma, Ermənistan bölgədə iqtisadi rəqib olaraq həmişə qalacaq, bölgəyə yönəlik investisiyalar uğrunda gedəcək mübarizədə əsas rəqibimiz olacaq.

Azərbyacan öz coğrafi, enerji, əhali üstünlüyünü ağılla, strateji doğru qərarlarla üstünlüyə çevirməli, istənilən investisiya üçün ilk ağla gələn ölkə olmaq üçün çalışmalıdır. Bunun üçün isə yeni idarəetmə sistemi, ədalətli məhkəmələr, cəlbedici vergi-gömrük qanunvericiliyi olmazsa-olmazdır.

Müharibəni və diplomatiyanı böyük üstünlüklə udub, iqtisadi rəqəbətdə geri düşmək olmaz, sürətlə dəyişən dünyaya uyğun olan çevik, rifaha indeksli, ədalətli sistem qurmalıyıq – bu qəhrəman Şəhidlərimizin ruhu , böyüyən övladlarımız gələcəyi qarşısında boynumuzun borcudur”.

Xatırladaq ki, Vens 9-10 fevral tarixlərində Ermənistanda olacaq və bundan sonra Azərbaycana səfər edəcək.

 

Günay 

Gununsesi.info