Avropa Şurasının Nazirlər Komitəsi quruma üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarınının icra vəziyyətinə dair hesabatını yayıb.
Qurumdan Gununsesi.info-ya göndərilən məlumatda deyilir ki, Azərbaycan 2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) qərar verilən və Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) göndərilən işlərin sayı üzrə 2-ci yer tutub.
Ötən il, ümumilikdə, AİHM 921 iş üzrə qərar verib və komitəyə icrasına nəzarət üçün göndərib. 2024-cü ildə isə bu rəqəm 992 idi.
Qərar verilmiş və icra üçün AŞNK-yə göndərilmiş işlərdən 75-i Azərbaycana aid olub. Azərbaycan bununla İtaliya ilə birlikdə siyahıda ikinci yer tutub. Ukrayna 159 qərarla ilk, Macarıstan 70 qərarla 3-cü, Türkiyə 69 qərarla 4-cü yeri tutub.
2025-ci ildə Avropa Şurasına üzv dövlətlər tərəfindən icrası yerinə yetirilməyən qərarların sayı isə 3889 olub. 2024-cü ildə bu göstərici 3916 olub.
Azərbaycan 397 qərarla bu siyahıda 3-cü yer tutub. Əvvəlki il isə Azərbaycanın icra etmədiyi qərarların sayı 329 olub. Ukrayna 904 qərarla siyahıda ilk, Türkiyə 445 qərarla 2-ci, İtaliya 318 qərarla 4-cü yeri tutub.
2025-ci ildə AİHM Azərbaycan hökumətinin ərizəçilərə ödəməsi üçün 3,893,486 avro məbləğində təzminat təyin edib. Müqayisə üçün, məhkəmə 2024-cü ildə Azərbaycana qarşı 568,800 avro təzminat təyin edib.
AŞNK hesabatın Azərbaycanla bağlı hissəsində bildirir ki, hökumət ötən il komitənin sorğularına sonuncu dəfə martın 18-də olmaqla yalnız iki dəfə cavab verib və həmin vaxtdan əlaqəni dayandırıb.
Qeyd edək kk, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanınması barədə öhdəlik götürüb.
Afət Abbasova
Gununsesi.info












