Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 27 aprel – 1 may tarixlərində avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
29 aprel tarixində Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.












