Azərbaycanın müharibədə tarixi rolu - 9 May

  • Müəllif: Admin2
  • 08 May 2026 14:05

Dövlətlər tarixə təkcə məğlubiyyətləri ilə yox, elə həm də daha çox qələbələri ilə keçirlər ki, 9 may Azərbaycan tarixi də məhz bu qələbələrdəndir.

Xronoloji ardıcıllıq belədir ki, II Dünya müharibəsində faşizm üzərində qələbə günü olan bu gün, 1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalamış, bununla da Avropada İkinci dünya müharibəsi başa çatmışdır.

Bu xəbər SSRİ ərazisində 9 may tarixində elan edildiyi üçün məhz bu tarix SSRİ-də və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunmuş, hazırda isə həmin dövlətlərin varisi olan bir sıra ölkələrdə qeyd edilməkdədir.

O cümlədən Azərbaycanda da.

Bəs nədir Azərbaycan üçün tarixi əhəmiyyəti?

Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.

Təkcə qısa müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı.

1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.

Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

Əlbəttə, təkcə bunlarla yekunlaşmır.

Onların göstərdiyi şücaət təkcə döyüş meydanları ilə məhdudlaşmırdı. Müharibə illərində Azərbaycan həm də Sovet İttifaqının əsas strateji dayaqlarından birinə çevrilmişdi. Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici rol oynayırdı. Təsadüfi deyil ki, həmin dövrdə SSRİ-də hasil olunan neftin böyük hissəsi məhz Azərbaycanın payına düşürdü. Tankları, təyyarələri, hərbi texnikanı hərəkətə gətirən yanacaq Bakıdan göndərilir, gecə-gündüz çalışan neftçilər cəbhənin nəfəsini qoruyurdu. Məhz buna görə Hitler Almaniyası Bakını ələ keçirməyi əsas strateji məqsədlərindən biri hesab edirdi.

Azərbaycanlıların xidməti, döyüş yolu məhz bu qələbəyə rəvac verən əsas amillərdəndir.

Məhz bu qələbənin canfəşanlıqla qeyd edilməsinin də səbəbi budur.

Çünki bu qələbə asan başa gəlməyib.

Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar.

Azərbaycan xalqı tarix boyu sübut edib ki, Vətən uğrunda mübarizə aparmaq, torpağını qorumaq və haqq savaşında qalib gəlmək onun milli xarakterinin ayrılmaz hissəsidir. Necə ki, Böyük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazılmışdısa, müasir dövrdə də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü, əzmini və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan 9 May yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə ötürülən qəhrəmanlıq irsidir.

Bu gün biz həmin şanlı qələbənin iştirakçılarını minnətdarlıq hissi ilə anır, onların əziz xatirəsi qarşısında baş əyirik. Çünki tarixə yalnız məğlubiyyətlər deyil, məhz böyük zəfərlər, milli birlik və xalqın qəhrəmanlığı həkk olunur. 9 May da Azərbaycan xalqının yaddaşında məhz belə şərəfli və qürurverici tarixlərdən biri kimi yaşayır.

 

Firuzə Mahmudova

Gununsesi.info