“Enerji ilə yanaşı, bağlantılar da Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının mühüm istiqamətlərindən biridir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib:
“Azərbaycanın geostrateji mövqeyi nəqliyyat marşrutlarını sülh, əməkdaşlıq və rifah üçün real alətə çevirmişdir. Orta Dəhliz, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və gələcəkdə Naxçıvan Muxtar Respublikasını da əhatə edəcək layihələr regionumuzu Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş coğrafiya arasında daha güclü körpüyə çevirəcəkdir.
Məhz buna görə də biz davamlı inkişafı, regional sabitliyi və qarşılıqlı bağlantıları dəstəkləyən birgə təşəbbüslərə xüsusi önəm veririk. Bu sahələrdə əməkdaşlığın dərinləşməsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün yeni imkanlar yaradır.
Bu müsbət gündəliyin möhkəm əsaslar üzərində qurulması üçün biz yeni Tərəfdaşlıq Prioritetlərinin yekunlaşdırılmasına və Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqların irəli aparılmasına böyük əhəmiyyət veririk. Bu sənədlər bugünkü reallıqları əks etdirməli, işlək, balanslı, qarşılıqlı fayda təmin edən və gələcəyə yönəlmiş olmalıdır.
Əlbəttə, tərəfdaşlar arasında fərqli baxışlar ola bilər. Bu, təbiidir. Bizim üçün həqiqi tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmət, bir-birinin həssaslıqlarını anlamaq və etimad üzərində qurulmalıdır.
Azərbaycan öz seçimlərinə əmin olan və əməkdaşlığa açıq suveren dövlətdir. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib və hazırda işğal nəticəsində dağıdılmış şəhər və kəndləri yenidən qurur, mina təmizləmə işləri aparır, məcburi köçkün ailələrinin öz doğma yurdlarına qayıdışını təmin edir və regionda davamlı sülh üçün çalışır.
Bu kontekstdə Avropa İttifaqının humanitar minatəmizləmə və davamlı inkişaf sahələrində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dəstək qarşıdakı dövrdə də davam edəcək və daha da genişlənəcək.
Bugün həm də gələcəyə baxmaq üçün yaxşı fürsətdir. Azərbaycan və Avropa İttifaqı birlikdə çox iş görə bilər. Biz qarşılıqlı faydalı, etibarlı, proqnozlaşdırıla bilən strateji tərəfdaşlığı daha da irəli aparmaqda maraqlıyıq.
Bu tərəfdaşlıq yalnız bugünkü gündəm üçün deyil, həm də gələcək nəsillər üçün əhəmiyyətlidir.
Bu xoş fürsətdən istifadə edərək, Avropa İttifaqını və bütün avropalı dostlarımızı Avropa Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.
Şəbnəm











