Canavarın Azərbaycandakı rəsmi distributoru olan Kamran Həsənli - Saffari yazır...

  • By Admin2
  • 04 İyun 2026 13:33

Olmuş hadisədir, bir gün bir canavar gedib tatoo ustasına deyib ki, kürəyimə Kamran Həsənlinin şəklini vur.

Düzü, mən Kamran Həsənlini ilk dəfə illər əvvəl “Hollywood” şadlıq sarayında, çox bahalı bir toyda tamada kimi görmüşdüm.

Həmin toyda iki adam artıq idi, biri mən, biri də Kamran Həsənli. Mən şəxsən bunu uşaq yaşlarımda başa düşdüm, Kamran Həsənli isə hələ də heç nəyi başa düşməyib.

Həmin gün elə bilmişdim ki, onun tamada pulu mənim cibimdən çıxır. Həmin gün varlıların zövqünə şübhə ilə yanaşdım. Həmin gün yediyim-içdiyim burnumdan gəldi. Hirsimdən toya pul da yazdırmadım, getdim, toydan sonra yenə içib zulum-zulum ağladım.

Beləcə, üstündən aylar, illər ötdü. O dəhşətli gün yadımdan təzə-təzə çıxmışdı ki, Kamran Həsənlini sosial şəbəkələrdə veriliş aparanda gördüm. Özü də, siyasi verilişlər.

Göydən başıma daşlar yağdı. Allah başımı qoyub o daşları ayağıma salmadı. Dəhşətlər, vəhşətlər içindəydim. Özümdən asılı olmadan dedim: Auuuuuu.

Ancaq dözümlü oldum. Daha Kamran Həsənliyə görə içib ciyərimi dağıtmadım. Dedim, Orxan müəllim, möhkəm ol, bu da keçəcək.

Ümumiyyətlə, mənə elə gəlir ki, türklər, türkçülük hələ yer üzündə yox idi, amma Kamran Həsənli bozqurd simgəsi tuturdu. Kamran Həsənli o qədər türkçüdür ki, canavar gəlib deyir, olar məni ulayan yerdə efirə çıxarasınız? Bütün canavarlar bir qayda olaraq onun verilişləri ilə böyüyür.

Üstəlik, məncə, Turan özü özünə qalsa, o dəqiqə qurular. Di gəl, onu qurulmasını istəyənlərdən biri də Kamran Həsənlidir deyə acığa düşüb.

Kamran Həsənli elə aparıcıdır ki, onun verilişinin tamaşaçıları iki yerə bölünür. Sonra da hərəsi bir yana qaçır.

Açıq danışsaq, Kamran Həsənli mahiyyətcə elə tamadadır. Onun özünü ciddi aparmağa çalışması tamadalara qarşı aqressiya yaradır.

O, nə iş görməyindən asılı olmayaraq, Azərbaycan insanına daha çox mənasızlığın, zövqsüzlüyün simvolu olan “Toylar Kralı”-nın aparıcısı kimi tanışdır. Təkcə bu işinə görə onu Türk dünyası bağışlamamalıdır. Məhz o veriliş efirə getdiyi andan canavarlar da başını götürüb getdi. Auuuu eləyən canavar sürüsü bir anda dedi: oooooydaaaaa.

Kamran Həsənli elə bilir ki, hər şeyi bilir. Məsələn, elə bir mövzu yoxdur ki, həmin mövzuda boş-boş danışa bilməsin.

Kamran Həsənli elə bilir ki, o qədər böyük adamdır, hətta onunla mübarizə də aparırlar. Məsələn, bu yaxınlarda Mirşahin Ağayevi də bilərəkdən və ya bilməyərəkdən efirdə ifşa eləmişdi ki, bəs Ramiz Mehdiyev guya Mirşahinə mesaj yazıb ki, Kamran Həsənlini efirə buraxmayın. Niyə? O Türkdü ona görə.

Belə yerdə bir canavar deyir:  Yanasan, ay dədəəəəəə.

Ay Kamran müəllim, Ramiz Mehdiyev burdan bura dövlət çevrilişi etmək istəyən adamdır, indi deyirsiniz, bir tamadadan sarı narahat olur? Sizin efirdən dediyiniz hansı cümlə nəyə, kimə təsir edir, yadda qalır ki?

İndi mən də belə düşünürəm ki, ictimai-siyasi çəkisi olmayan, kütləvi sevgi qazana bilməyən adamlar özünü aid etdiyi ideologiyanı və başqa məsələləri qəsdən gözdən salırlar. Məsələn, kim Kamran Həsənliyə baxıb deyər ki, qoy gedim Türk olum? Kim bu ideologiyanı onun simasında sevə bilər?

Əgər Kamran Həsənlini bir gün okeanın dibinə endirsələr, oradan çıxıb balıqların etnik mənsubiyyəti haqqında müzakirə açar. Sübut etməyə çalışar ki, nərə balığının davranışlarında qədim türk dövlətçilik ənənələrinin izləri var.

Kamran Həsənli elə aparıcıdır ki, qonaq studiyaya fikir bildirməyə gəlir, axırda öz fikrindən şübhələnib çıxır.

Onun verilişlərində suallar cavab almaq üçün verilmir. Elə belə, vaxtın tamamlanmağı üçündür.

Azərbaycan televiziyasında çox aparıcı olub. Kimisi xəbər aparıb, kimisi şou aparıb, kimisi debat aparıb. Kamran Həsənli isə əsasən Kamran Həsənlini aparıb.

Məsələn, əıgər bir gün Kamran Həsənlini NASA-ya göndərsələr, üç gün sonra Ay haqqında yox, Ayın türk mənşəyi haqqında veriliş çəkər.

Əslində, Kamran Həsənli Azərbaycan ictimai həyatında xüsusi yeri olan adamlardandır.

O, nə alimdir, nə filosofdur, nə də siyasi nəzəriyyəçidir. Amma onların hamısının yerinə danışa bilir.

Kamran Həsənlinin həyatında yeganə ciddi məsələ Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olmasıdır. Ancaq o özünə elə bir obraz qazandı ki, bu məsələ də ciddiyyətini itirdi.

Kamran Həsənli elə adamdır ki, verilişə qonaq çağırır, amma qonağın kim olduğunu öyrənməyə ehtiyac duymur. Çünki mövzu nə olursa olsun, axırda söhbət yenə Kamran Həsənliyə gələcək.

Təsəvvür edin ki, verilişə kənd təsərrüfatı mütəxəssisi gəlib. Söhbət pomidordan başlayır. Beş dəqiqə sonra artıq Göytürklərdən danışırlar. On dəqiqə sonra qonaq özü də bilmir pomidoru müdafiə edir, yoxsa Turan ideyasını.

Kamran Həsənli ilə mübahisə etmək də çətindir. Çünki sən bir arqument deyirsən, o üç arqument, iki xatirə, bir tarixi hadisə və mövzu ilə əlaqəsi olmayan dörd sual verir. Axırda yadından çıxır ki, sən ümumiyyətlə nəyi müdafiə edirdin.

Bir gün elektriklər sönsə, kameralar işləməsə, studiya bağlansa, Kamran Həsənli yenə də yaxınlıqdakı beş nəfəri yığıb debat təşkil edər.

Mövzu da təxminən belə olar:

“Qədim türklərdə internet olsaydı, milli şüurun formalaşmasına təsiri necə olardı?”.

Kamran Həsənli o beş nəfəri qarşısına alanda, hamı həyəcanla gözləyir ki, mövzu konkret olacaq. Amma Kamran müəllim bir anlıq dayanır, gözlərini yuxarı qaldırır, əlini yelləyir və dərindən nəfəs alır, sanki Göytürk Xağanlığının ruhları studiyada dolaşır. Sonra deyir:

-Baxın, əziz dostlar, qədim türklərdə internet olsaydı…Pomidor məsələsi öz yerində, amma mən sizə göstərmək istəyirəm ki, pomidor da türkçülükdə simvolik rol oynayır!

Hər kəs baxır. Bir azdan Kamran müəllim qonağa dönür:

– Sən deyirdin ki, pomidorun suvarılması vacibdir, bəs pomidorun Göytürk dövründəki ideoloji simvolikası barədə nə düşünürsən?

Qonaqlar tərpənir, üzlərində çaşqınlıq, amma danışmağa çalışırlar. Beş dəqiqədən sonra isə artıq söhbət “pomidor suyu əvəzinə Göytürk qanı” metaforalarına keçir və hamı öz başını salamat götürüb studiyanı tərk edir.

Nə deyim, şəxsən mən özü adımdan bütün canavarlardan üzr istəyirəm.

Orxan Saffari

Gununsesi.info