Bu günlərdə Milli Məclisdə müzakirə olunan məsələlərdən biri yol hərəkəti qaydalarının tətbiqi və sürücülərin qarşılaşdığı çətinliklərlə bağlıdır.
Qeyd olunur ki, həm şəhərdaxili, həm də bölgələrarası marşrutlarda uzun müddət sükan arxasında olan peşəkar sürücülər yol hərəkətinin ən aktiv iştirakçılarındandır. Xüsusilə taksi fəaliyyəti bir çox ailələr üçün əsas dolanışıq mənbəyidir və bu sahədə çalışanların əksəriyyəti ailələrinin yeganə gəlir təminatçısıdır.
Mövcud qaydalara əsasən, cərimə ballarının toplanması nəticəsində müəyyən həddə çatdıqda sürücülük hüququnun məhdudlaşdırılması və ya ləğvi baş verir. Bu isə peşəsi sürücülük olan şəxslər üçün ciddi sosial və iqtisadi problemlər yarada bilir: gəlir itkisi, işsizlik, kredit öhdəliklərinin yerinə yetirilməməsi və ailə büdcəsində çətinliklər kimi nəticələr ortaya çıxır.
Bu səbəbdən bəzi təkliflər irəli sürülür.
Onlara görə, cərimə balları sisteminə yenidən baxılması, xüsusilə peşəkar sürücülər üçün daha diferensial yanaşmanın tətbiqi, balla məhdudlaşdırma həddinin artırılması və ya yalnız ciddi qayda pozuntularında daha sərt tədbirlərin görülməsi nəzərdən keçirilə bilər. Yüngül pozuntular üçün isə daha çox inzibati cərimələrlə kifayətlənmək ideyası gündəmdədir.
Eyni zamanda vurğulanır ki, yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün infrastruktur və nişanlanma sistemi də mühüm rol oynayır. Bu çərçivədə yol xətlərinin və nişanların keyfiyyətinin yaxşılaşdırılması, silinmiş və görünməz nişanların vaxtında yenilənməsi, həmçinin bu prosesə nəzarətin gücləndirilməsi vacib sayılır.
Məsələ ilə bağlı Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, əlbəttə, cərimə ballarının tədbiqi yol hərəkəti təhlükəsizliyi baxımından vacibdir, çünki insanlar qaydalara əməl etməlidir. Ancaq bunun sürücülük ballarina təsir məsələsində elastikliyi artıqmaq lazımdır:
“Çünki bu barədə gerçəkləşən proses çoxsayda sosial təminatı aşağı olan insanlar üçün böyük problem yaradır. Həm də burada iki inzibati cəzadan söhbət gedir. İki cəzanı eyni zamanda tədbiq etmək hüququn prinsiplərinə də müəyyən dərəcədə zidd ola bilir. Bal məsələsi nəzərdə tutula bilər, ancaq məsələn, bu elastikliyi 40, 50 bala qədər artırmaq olar ki, dərhal hansısa inzibati xətaya görə sürücülük hüququndan məhrumetmə baş verməsin. Bu, insanlar üçün ciddi sanksiyadır. Hesab edirəm, bu işin vətəndaşın işinin yüngülləşdirəcək səviyyədə tənzimlənməsi ümumi işin faydasına olar”, – deyə deputat qeyd edib.
Orxan












