Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Prezident İlham Əliyev Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, fərmana əsasən, “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi ödənişin 50 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Fərman indiyə qədər elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.

Nazirlər Kabineti subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi

layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 1 yanvar 2027-ci ildən qüvvəyə minir və 31 dekabr 2030-cu ilə qədər qüvvədədir.

Gununsesi.info