Elşad Miri İmam Əliyə aid edilən qadınlarla bağlı kəlamı müzakirəyə çıxardı

  • By Admin2
  • 01 İyul 2026 10:48

İlahiyyatçı Elşad Miri İmam Əliyə aid edilən və “Nəhcül-bəlağə”də yer aldığı bildirilən qadınlarla bağlı məşhur kəlama diqqət çəkərək bunun həqiqətən İmam Əliyə məxsus olub-olmaması ilə bağlı sual ünvanlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Elşad Miri qeyd edib ki, söhbət Seyid Rəzinin təxminən 1000-ci ildə tərtib etdiyi “Nəhcül-bəlağə” əsərinin 79-cu xütbəsindən gedir.

Həmin mətndə İmam Əlinin “Cəməl” döyüşündən sonra qadınlar haqqında sərt ifadələr işlətdiyi, qadınların iman, ağıl və irsdən paylarının az olduğu barədə fikirlər səsləndirdiyi bildirilir.

Bu sözlərin doğrudan da İmam Əliyə aid olub-olmaması ilə bağlı fikir öyrənmək istədiyini vurğulayan Elşad Miri, “Bilənlər cavabını yazsın, lütfən. Həqiqətən öyrənmək istəyirəm”, – deyə qeyd edib.

Həmin xütbədə deyilir:

Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər).

Elmar

Gununsesi.info