İran ABŞ-yə məxsus MQ-9 pilotsuz aparatının vurulduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə SEPAH-ın nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.

Onun sözlərinə görə, pilotsuz aparat Buşehr vilayətinin Hörmüz şəhəri üzərində İran hava məkanına daxil olduqdan sonra hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

“ABŞ-nin səhər saatlarında həyata keçirdiyi hava müdaxiləsindən sonra MQ-9 pilotsuz uçuş aparatı SEPAH-ın hava hücumundan müdafiə sistemi tərəfindən Buşehr vilayətinin Hörmüz şəhəri səmasında vurularaq məhv edilib”, – deyə Möhibi bildirib.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, son saatlarda ABŞ və İran arasında gərginlik daha da artıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində onlarla hədəfə zərbələr endirdiyini açıqlayıb. İran tərəfi isə bu hücumların beynəlxalq razılaşmaların pozulması olduğunu bəyan edir.

Gununsesi.info