REAL Partiyasının sədri Natiq Cəfərli Türkiyədə yaşadığı maraqlı bir hadisəni bölüşüb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, hazırda Kuşadasında istirahətdədir və qaldığı oteldə əsasən Türkiyənin müxtəlif bölgələrindən gələn ailələr dincəlir.
Cəfərli bildirib ki, dünən axşam yeməyi zamanı CHP-yə simpatiyası olan bir ailə ilə eyni masada əyləşib.
Söhbət zamanı siyasət mövzusu açılıb və həmin ailənin başçısı, əməkli məmur olduğunu deyən şəxs Türkiyəyə turistlərin gəlməməsini arzuladığını bildirib.
“Həmin şəxs dedi ki, niyə Türkiyəyə gəlirsiniz? Gəlməyin. İstəyirəm ki, heç turist gəlməsin, qoy iqtisadiyyat lap batsın, AKP də məhv olsun”, – deyə Cəfərli paylaşımında qeyd edib.
Buna cavab olaraq o, belə yanaşmanın yanlış olduğunu söylədiyini bildirib:
“Dedim ki, CHP-nin imkanlarının 10-15 faizi bizdə olsaydı, Azərbaycanda hər seçkini udardıq. Amma siz öz partiyanızda belə normal təşkilatlanma qura bilmirsiniz, indi də istəyirsiniz ki, ölkə batsın, bəlkə o zaman iqtidar dəyişər. Belə siyasət, belə yanaşma olmaz. Türkiyə artıq tək sizin deyil, həm də bizimdir. Türkiyə batsa, bunun zərəri hamıya, bütün regiona dəyəcək”.
Cəfərli qeyd edib ki, bu söhbətdən sonra aralarında narazılıq yaranıb və sonradan oteldə bir neçə dəfə qarşılaşsalar da, həmin şəxs onunla ünsiyyət qurmayıb.
Paylaşımının sonunda isə o vurğulayıb ki, “ölkəyə nə qədər pis olsa, bizə yaxşı olar” məntiqi sağlam siyasi düşüncə deyil:
“Siyasətə belə baxan adamları anlamıram. ‘Ölkəyə nə qədər pis olsa, bizə yaxşı olar’ düşüncəsi çürükdür, xalqa hörmətsizlikdir. Bizdə də belələri var, çox bəsit çevrədirlər”.
Elmar












