Çinin son onilliklərdə qazandığı uğurlar təkcə iqtisadi göstəricilər və texnoloji sıçrayışlarla ölçülmür.
Süni intellektdən kosmik proqramlara, avtomobil sənayesindən mikroçip istehsalına qədər demək olar ki, hər sahədə ön sıralarda qərarlaşan bu ölkənin əsas üstünlüyü daha dərindədir – təhsildə, elmdə və oxu mədəniyyətində.
Bu gün dünyanın ən böyük universitet şəhərcikləri, ən zəngin kitabxanaları və ən çox elmi tədqiqat aparılan mərkəzləri məhz Çində yerləşir. Burada elm yalnız təhsil sistemi deyil, dövlət siyasəti və milli inkişaf strategiyası hesab olunur.
Bunun miqyası bəzən adi görünən faktlarda da özünü göstərir.
Pekində yalnız kitab mağazalarından ibarət olan elə bir küçə var ki, onun bir başından digər başına çatmaq üçün insanlar taksidən istifadə edirlər. Paytaxtın aparıcı universitetlərindən birinin kampusu isə o qədər böyükdür ki, ərazisində üç metro stansiyası fəaliyyət göstərir. Bir korpusdan digərinə piyada getmək təxminən 45-50 dəqiqə vaxt aparır.
Belə bir mühitin nəticələri də təsadüfi deyil. Beynəlxalq elm olimpiadalarında çinli məktəblilər mütəmadi olaraq ən çox qızıl medal qazanan iştirakçılar sırasında yer alırlar. Bu uğurların arxasında illərlə formalaşdırılan oxu mədəniyyəti, güclü təhsil infrastrukturu və elmə yönəlmiş dövlət siyasəti dayanır.
Çinin bugünkü yüksəlişinin sirrini yalnız nəhəng zavodlarda və ya yüksək texnologiyalı müəssisələrdə axtarmaq doğru olmaz. Bu uğurun əsasında kitaba verilən dəyər, biliyə qoyulan sərmayə və elmə çevrilmiş milli düşüncə dayanır. Məhz buna görə də dünya artıq Çini təkcə “istehsal edən ölkə” deyil, həm də “bilik istehsal edən dövlət” kimi qəbul etməyə başlayıb.
Elmar
Gununsesi.info












