Türk dövlətlərinin birgə beyin mərkəzlərinin  yaradılmasına ehtiyac var

“Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Hətta Türk Dövlətlər Təşkilatının  hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğıstana səfəri zamanı səsləndirdiyi fikirlər, həmçinin Qırğıstanın dövlət başçısı Sadır Japarovun sərgilədiyi mövqe Türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsindən xəbər verir. Məlum məsələdir ki, Cənubi Qafqazın əsas aparıcı dövləti olan Azərbaycan Türk dünyasının inkişafına hər zaman töhfəsini verib, strateji dəstəyini ortaya qoyub. 2020-ci ilin noyabr ayında Azərbaycanın 44 günlük  Vətən müharibəsində qazandığı tarixi qələbəsindən sonra Mərkəzi Asiya Respublikarında  isə oyanış prosesi başladı.  Bu tarixi zərurətdən yaranan müsbət tendensiyadır.

Dünyanın qaynar  çağında formalaşan Türk dövlətləri arasında belə əməkdaşlıq inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Rusiya kimi, böyük, dağıdıcı imperiyanın dağılma ərəfəsində Türk Dövlətləri Təşkilatının güclənməsi mahiyyəti o qədər bəlli, niyyəti xoş olmayan bəzi qüvvələrin bu, coğrafiyaya gəlişinin qarşısını alar.

Digər tərəfdən Türk dövlətlərinin suverenliyinə, müstəqilliyinə qarşı yönələ biləcək təhdidləri aradan qaldırmaqla bərabər,  bu ölkələrin dünya çapında öz strateji mövqeyini qorumağa imkan yaradar.

Qənaətimcə, Türk dövlətlərinin  birgə beyin mərkəzlərinin  yaradılmasına, bütün sferaları əhatə edəcək dərin təhlillərin aparılmasına ehtiyac var. Analitik təhlillər mövcud problemlərlə bərabər, gözlənilən təhlükələrin müəyyən edilməsinə və qarşısının alınmasına istiqamətlənməlidir”.

 

 

Günay

Gununsesi.info