Mərhum Əməkdar hüquqşünas İkram Kərimovun bir il əvvəl “Həftənin qonağı” verilişinə verdiyi müsahibəsi yenidən gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, o, Xalq artisti Flora Kərimova ilə tanışlığından və sənətçinin məhkəmə işlərindən danışıb:
“Məhkəmə sədri olduğum məhkəmədə Xalq artisti Flora Kərimova ilə bağlı saysız-hesabsız məhkəmə işi olub. Onların çoxunda da Flora xanım qalib gəlib. Şəxsən özüm yox, mənə tabe olan hakimlər o işlərə baxıblar. Tələbə olanda çoxlu tədbirlər təşkil edirdik. Sonda isə konsertlər keçirilirdi. O vaxt bəzi müğənnilər pulsuz olduğu üçün gəlməkdən imtina edirdilər. Sara Qədimova, Şövkət Ələkbərova, Məmməd Samanov və Flora Kərimova isə heç vaxt imtina etmirdilər. Hər zaman dəvətimizi qəbul edirdilər. Flora xanımla tanışlığımız da həmin illərdən başlayır”.
İkram Kərimov Novruz bayramının keçirilməsinin təşəbbüskarlarından olan Şıxəli Qurbanov haqqında da danışıb.
Xatırladaq ki, avqustun 2-də Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib. O, 84 yaşında dünyasını dəyişib.
İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib. 2017-ci il aprelin 14-dən Azərbaycan Respublikasının Bank Ombudsmanı idi. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilərək Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.












