“Ermənistan sülh müqaviləsini geosiyasi vəziyyət dəyişmədən imzalamalıdır”

“Böyük geosiyasi qarşıdurmalar təkcə Cənubi Qafqaza deyil, bütün bölgəyə təsir göstərmək gücündədir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Hesab edirəm ki, bu əsas geosiyasi düyünlər açılana qədər Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması daha məqsədəuyğun olardı.

Çünki gələcəkdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əgər Rusiya Ukrayna müharibəsində ciddi üstünlük qazansa, onun regiondakı nüfuzu və Ermənistana təsir imkanları da artacaq. Ermənistanın isə etibarlı tərəfdaş olmadığını dəfələrlə görmüşük.

Fikrimcə, Ermənistan hazırda daha çox güc amilini nəzərə alaraq davranır. Dünyada formalaşan geosiyasi reallıq da göstərir ki, böyük müharibələr və böyük güclər arasındakı rəqabət beynəlxalq münasibətlərin istiqamətini müəyyənləşdirir.

Bu səbəbdən Ermənistan kimi etibarlılığı sual doğuran dövlətlərin gələcəkdə istər İranın, istər Rusiyanın, istərsə də başqa xarici qüvvələrin təsiri altına düşməsi ehtimalını nəzəri baxımdan istisna etmək olmaz”.

 

 

Şəbnəm

Gununsesi.info