“Yeniyetmələr sosial şəbəkələrdə uzun müddət vaxt keçirdikdə bu, onların psixoloji vəziyyətinə təsir göstərə bilər. Günün böyük hissəsini telefonda keçirmək gündəlik vərdişlərin dəyişməsinə səbəb olur”.
Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“Bəzi yeniyetmələr sosial şəbəkələrdə gördükləri həyatı öz həyatı ilə müqayisə edirlər. Bu isə onlarda narahatlıq və özündən narazılıq yarada bilər. Sosial şəbəkələrdə yayılan hər məlumatın doğru olduğunu düşünmək düzgün deyil. Buna görə də uşaqlara doğru və yanlış məlumatı ayırd etməyi öyrətmək vacibdir.
Valideynlər övladları ilə bu mövzuda tez-tez söhbət aparmalıdırlar. Onlar uşaqların sosial şəbəkələrdə nələrlə maraqlandıqlarını da izləməlidirlər. Telefon və digər qurğulardan istifadə üçün müəyyən vaxt məhdudiyyəti qoyulması faydalıdır. İdman, kitab oxumaq və dostlarla üz-üzə ünsiyyət yeniyetmələrin inkişafına müsbət təsir göstərir.
Valideynlər yalnız qadağa qoymaq əvəzinə uşaqlara düzgün seçim etməyi öyrətməlidirlər. Sosial şəbəkələrdən ölçülü və məqsədli istifadə yeniyetmələrin sağlam inkişafına kömək edir”.
Günay












