Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədə tarix, Səfəvi dövləti və Şah İsmayıl Xətai ilə bağlı yenidən gündəmə gələn mübahisələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Sabir Rüstəmxanlı qeyd edib ki, bəzi dostları ondan tariximizin bu mühüm dövrü ətrafında gedən müzakirələrə niyə münasibət bildirmədiyini soruşurlar.
O bildirib ki, hazırkı mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır:
“Bu mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur. Belə şəraitdə nə danışasan?”
Şair əlavə edib ki, tariximizin bu məsələləri ilə bağlı mövqeyini dəfələrlə yazıb və teledebatlarda da iştirak edib.
Onun sözlərinə görə, “Milli taleyimiz və biz” (2018) və “Vətəndaşlığın əlifbası” (2022) adlı kitablarında da bu mövzular geniş şəkildə əks olunub.
Rüstəmxanlı xüsusilə “Milli taleyimiz və biz” kitabının Güntay Gəncalp Bayandırlı (Güntay Tölə) və Saleh Məhmətlə apardığı müzakirələrə cavab vermək ehtiyacından yarandığını bildirib.
“Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarixi bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.
“Şah İsmayılı və Səfəviləri Azərbaycandan qoparmaq yanlışdır”
Sabir Rüstəmxanlı Şah İsmayılın və Səfəvi dövlətinin milli kimliyi ilə bağlı müzakirələrə də toxunub.
O, Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan ayıraraq İran tarixinə bağlamağın, Şah İsmayılın türk kimliyini və Səfəvi dövlətinin türk dövləti olmasını inkar etməyin yanlış yanaşma olduğunu bildirib.
Rüstəmxanlının fikrincə, İran coğrafiyası tarix boyu müxtəlif türk dövlətlərinin və sülalələrinin də mühüm siyasi və mədəni məkanı olub.
“İran demək, burada qədimdən kök atmış türk uluslarının, o cümlədən Azərbaycan türklərinin vətəni demək idi. İran Persiya və ya Farsistan deyildir”, – deyə o qeyd edib.
Şair “İranlıyam” ifadəsinin də avtomatik olaraq fars kimliyi anlamına gəlmədiyini bildirib:
“İran türkləri bu günə qədər fəxrlə ‘İranlıyam’ deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. ‘İranlıyam’ demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz”.
Sabir Rüstəmxanlı həmçinin Azərbaycan tarixinin və türk dünyasının keçmişinin qiymətləndirilməsində tarixi kontekstin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Orxan












