Hüquqa yaxın olaq

Bir sual – bir cavab

Mirası qəbul etdikdə mərhumun borclarını da qəbul etmiş oluruqmu?

Bəli. Lakin vərəsənin məsuliyyətinin də həddi var.

Miras yalnız ev, avtomobil, pul və digər əmlakdan ibarət deyil. Miras qoyanın müəyyən öhdəlikləri də vərəsələrə keçə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında onlara çatan miras əmlakın dəyəri həddində məsuliyyət daşıyırlar.

Məsələn, sizə 30.000 manat dəyərində miras qalıb, mərhumun isə 50.000 manat borcu var. Bu halda vərəsənin məsuliyyəti ona çatan mirasın dəyəri ilə məhdudlaşır. Yəni qalan borcun mütləq öz şəxsi əmlakınız hesabına ödənilməsi tələb edilə bilməz.

Vacib məqam: miras notarius tərəfindən siyahıya alınmayıbsa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsənin üzərinə düşür.

Ona görə də mirası qəbul edərkən yalnız:

“Mənə hansı əmlak qalır?”

deyil, həm də:

“Bu mirasla birlikdə hansı öhdəliklər mənə keçir?”

sualını vermək lazımdır.

Miras bəzən yalnız əmlak deyil, öhdəlik də gətirir.

Vəkil İlhamə Həsənova

Gununsesi.info