Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb.
Gununsesi.info xəbər verir ki, buna səbəb CNN-in 5 iyun 2026-cı ildə yayımladığı və Azərbaycanın ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyini iddia edən məqalə olub.
Politoloq Turan Rzayevin sözlərinə görə, materialda İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərdiyi, həmin ərazilərdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarının həyata keçirildiyi iddia edilir.
Həmçinin İsrailin Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları yerləşdirdiyi barədə anonim mənbələrə əsaslanan fikirlər yer alıb.
Rzayev qeyd edib ki, Azərbaycan tərəfi bu iddiaları CNN-in materialı yayımlanmazdan əvvəl açıq şəkildə rədd edib və ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri ilə istifadəsinə icazə verilmədiyini bildirib.
Politoloq hesab edir ki, belə ciddi iddiaların anonim mənbələrə əsaslanaraq yayımlanması jurnalistikanın dəqiqlik və faktların yoxlanılması prinsipləri baxımından suallar doğurur.
“Bir dövlət haqqında ərazisinin xarici ölkənin qonşu dövlətə qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyini demək adi informasiya deyil. Bu, konkret fakt iddiasıdır və konkret əsaslandırması olmalıdır”, – deyə Rzayev vurğulayıb.
Onun sözlərinə görə, CNN-ə qarşı məhkəmə iddiası dərhal irəli sürülməyib. Azərbaycan tərəfi əvvəlcə media qurumuna materialı yenidən araşdırmaq, təqdim olunan faktları qiymətləndirmək və mümkün səhvi düzəltmək imkanı verib.
Rzayev bildirib ki, CNN-in qlobal auditoriyası nəzərə alınaraq bu cür məlumatların yayılması yalnız məqalənin özü ilə məhdudlaşmır. Belə iddialar digər media qurumları tərəfindən sitatlaşdırıla, sosial şəbəkələrdə yayıla və zamanla təsdiqlənmiş fakt kimi təqdim oluna bilər.
Politoloq əlavə edib ki, CNN-in yaydığı iddiaların real və yoxlanılmış sübutları varsa, onların təqdim olunması, əks halda isə Azərbaycanın təkzib və düzəliş tələb etməsinin haqlı olduğu qəbul edilməlidir.
“Beynəlxalq medianın məsuliyyəti yalnız məlumatı ilk yayımlamaq deyil. Əsas məsuliyyət yayımladığı məlumatın nəticələrini də daşımaqdır”, – Turan Rzayev deyib.
Orxan












