TƏBİB açıqladı: 2026-cı ilin sonunadək onlayn növbə sistemi genişləndiriləcək

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlayn növbə sisteminin tətbiqi ilə bağlı Gununsesi.info-nun sorğusuna cavab verilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, vətəndaşların qəbulunun daha rahat və operativ təşkili, pasiyent axınının səmərəli idarə olunması və gözləmə müddətinin azaldılması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilir.

Qurumun Gununsesi.info-ya verdiyi cavaba görə, 2026-cı ilin sonunadək pasiyent sıxlığının yüksək olduğu tibb müəssisələrində onlayn növbə sisteminin qurulması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq təhlillər və hazırlıq işləri aparılır, təşkilati məsələlər həll edilir. Bununla yanaşı, sistemin tətbiqi üçün zəruri avadanlıqların satın alınması prosesi həyata keçirilir.

TƏBİB qeyd edib ki, onlayn növbə sistemi hər yeni tibb müəssisəsində tətbiq edildikcə bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən 7 tibb müəssisəsində onlayn növbə sistemi aktivdir:

  • Yeni Klinika
  • Abşeron Rayon Mərkəzi Xəstəxanası
  • Kliniki Tibbi Mərkəz
  • Nizami Tibb Mərkəzi
  • Xətai Tibb Mərkəzi
  • Respublika Endokrinoloji Mərkəz
  • Mərkəzi Neftçilər Xəstəxanası

Qeyd edək ki, TƏBİB son dövrlərdə onlayn növbə sisteminin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Qurumun rəsmi məlumatına əsasən, sistemin məqsədi vətəndaşların gözləmə müddətini azaltmaq və qəbul prosesini daha səmərəli təşkil etməkdir.

Beləliklə, 2026-cı ilin sonunadək yüksək pasiyent sıxlığı olan daha bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi gözlənilir.

 

Vüsal Artyom 

Gununsesi.info