Rusiyanın Kiyev vilayətinə hücumunda 38 nəfər ölüb -Zelenski

  • Müəllif: Firuzə
  • 30 Avqust 2026 12:03

Rusiya ordusunun Kiyev vilayətinin Mıla kəndinə endirdiyi zərbə və sonrakı partlayışlar nəticəsində 38 nəfər həlak olub, 20 şəxs yaralanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.

Dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib. O bildirib ki, yaralananlar arasında 2 uşaq var, daha 4 nəfər isə itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yanğınsöndürmə və pirotexniki bölmələri sutkaboyu fəaliyyət göstərir, ərazidəki partlamamış sursatlar zərərsizləşdirilir.

Zelenski son günlər Kiyev və digər regionlarda Rusiya reaktiv dronlarının hücumları səbəbindən tez-tez həyəcan siqnalının verildiyini, yaşayış binalarına və mülki infrastruktura zərər dəydiyini qeyd edib.

Prezident vurğulayıb ki, təkcə bu həftə ərzində Rusiya Ukrayna ərazisinə 2 minə yaxın zərbə PUA-sı, 1 600-dən çox idarəolunan aviasiya bombası və Şimali Koreya istehsalı olan ballistik raketlər də daxil olmaqla müxtəlif tipli 31 raket buraxıb. Nikopol, Kramatorsk, Xerson, habelə Xarkov, Zaporojye, Dnepropetrovsk, Donetsk və Sumı vilayətlərinin sərhədyanı və cəbhəboyu icmalarının gecə-gündüz atəşə tutulduğunu bildirən dövlət başçısı hər bir hücuma ədalətli cavab veriləcəyini əlavə edib.

Gununsesi.info