İham Əliyevin Qırğızıstan səfəri: Bakı–Bişkek münasibətlərində yeni səhifə

Azərbaycanla Qırğızıstan arasında münasibətlər son illərdə yalnız siyasi təmaslarla məhdudlaşmır, iqtisadi və humanitar sahələri də əhatə edən geniş əməkdaşlığa çevrilir.

İki ölkə arasında tarixdən gələn dostluq və qardaşlıq bağları bu gün dövlətlərarası münasibətlərin əsas dayaqlarından biridir.

Prezident İlham Əliyevin bu gün Qırğızıstana işgüzar səfəri də Bakı ilə Bişkek arasında əlaqələrin davamlı xarakter daşıdığını göstərir.

Əslində, bu səfərə yalnız növbəti görüş kimi yanaşmaq düzgün olmaz, çünki Azərbaycan və Qırğızıstan arasında son dövrdə mühüm siyasi qərarlar qəbul edilib.

İyul ayında keçirilən dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrin yeni mərhələyə keçdiyini göstərdi.

Bu sənəd münasibətlərin yalnız dostluq və qarşılıqlı dəstək üzərində deyil, daha geniş dövlət maraqları əsasında inkişaf etdirilməsi üçün hüquqi əsas yaradır.

Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi də tərəflərin əlaqələri davamlı şəkildə inkişaf etdirmək niyyətini ortaya qoyur.

İqtisadi sahədə isə Azərbaycan–Qırğız İnvestisiya Fondunun imkanlarının genişləndirilməsi diqqət çəkən məsələlərdəndir.

İyul ayında Fondun maliyyə vəsaitinin 200 milyon dollara qədər artırılması barədə razılığın əldə olunması qarşıdakı dövrdə birgə layihələrin sayının artacağına işarədir.

Burada əsas məsələ yalnız ayrılan vəsaitin həcmi deyil, həmin vəsaitin real istehsala, yeni iş yerlərinə və qarşılıqlı ticarətin artmasına yönəldilməsidir.

Qırğızıstanda Azərbaycan sərmayəsi hesabına yaradılan layihələr də iqtisadi əlaqələrin artıq söz səviyyəsindən əməli iş mərhələsinə keçdiyini göstərir.

İssık-Kul gölü sahilində Azərbaycanın sərmayəsi ilə yaradılan “Baku Resort & Spa” bunun görünən nümunələrindən biridir.

Əlaqələrin digər mühüm istiqaməti nəqliyyatdır, çünki Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında yük daşımalarında mühüm keçid imkanlarına malikdir.

Bu baxımdan Qırğızıstanla nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi imkanlarını artıra bilər.

Təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafı isə xalqlar arasında mövcud yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərə verdiyi əhəmiyyət Qırğızıstanla əlaqələrdə də aydın görünür.

Məncə, Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas üstünlüyü ondan ibarətdir ki, burada siyasi iradə ilə yanaşı, qarşılıqlı iqtisadi maraq da formalaşıb.

İndi əsas məsələ imzalanan sənədlərin və əldə olunan razılaşmaların vaxtında həyata keçirilməsidir.

Çünki dövlətlərarası münasibətlərin gücü yalnız imzalanan sənədlərin sayı ilə deyil, onların insanların həyatına və ölkələrin iqtisadi imkanlarına verdiyi nəticə ilə ölçülür.

Prezident İlham Əliyevin Qırğızıstana bugünkü səfəri də bu baxımdan əhəmiyyətlidir və Bakı–Bişkek əlaqələrinin gündəmdə qalmasının göstəricisidir.

Mövcud gedişat onu göstərir ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlər qarşıdakı illərdə də siyasi, iqtisadi, nəqliyyat və mədəni sahələr üzrə genişlənə bilər.

 

Günay Mahirqızı

Gununsesi.info