Yalçın İslamzadə: “Öz qövmümüzün başına əngəlkələfiz biz!”

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 10:21

Fizik Yalçın İslamzadə Azərbaycanda maarifçilik, din, fəlsəfə və elmi-populyar fəaliyyətlə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, İslamzadə filosof Ağalar Məmmədovla bağlı yaşadığı hadisədən, elmə və maarifçiliyə münasibətdən, həmçinin filosof Müşfiq Ötgünün fikirlərindən bəhs edib.

İslamzadənin sözlərinə görə, illər əvvəl “Messenger” vasitəsilə radikal görünüşlü şəxslərdən ona təhdid mesajları gəlməyə başlayıb.

O, təhdidlərin səbəbini bilmədiyini, sonradan isə bunun filosof Ağalar Məmmədovun qəzetlərdən birinə verdiyi müsahibədə onun adını çəkməsi ilə bağlı olduğunu öyrəndiyini bildirib.

İslamzadə yazır ki, həmin müsahibədə Məmmədov onu “dinə qarşı mübarizədə aparıcı qüvvələrdən biri” kimi təqdim edib.

Fizikin sözlərinə görə, o dövrdə yazılarının əsas istiqaməti dini təbliğatçıların “yalanlarını və yanlış məlumatlarını” tənqid etmək olub.

İslamzadə bildirir ki, məsələ ilə bağlı Ağalar Məmmədova zəng edərək adının niyə çəkildiyini soruşub.

Onun sözlərinə görə, Məmmədov cavabında radikal şəxslərin əsasən özünə hücum etdiyini və İslamzadənin də adını çəkərək “yükünü azaltmaq” istədiyini deyib.

Fizik daha sonra Məmmədovun təhdidlər səbəbindən Almaniyaya getdiyini və sonrakı dövrdə əvvəlki mövqelərindən fərqli fikirlər səsləndirdiyini iddia edib.

İslamzadə hesab edir ki, ciddi fəlsəfi hazırlığa malik olan Ağalar Məmmədov “şok effekti yaratmaq” arzusundan uzaqlaşsaydı, bu gün fəlsəfə sahəsində daha geniş auditoriyaya sahib ola bilərdi. O, Türkiyədə Məmmədovun müəllimi olmuş filosof İoanna Kuçuradini nümunə göstərib.

Fikirlərinin digər hissəsində İslamzadə elmi fəaliyyətə münasibətdən də narazılığını ifadə edib. O, ciddi maliyyə imkanlarına malik olduğunu bildirdiyi böyük bir qurumda onun elmi mövzularda proqram hazırlaması ilə bağlı təklif irəli sürüldüyünü, lakin həmin fəaliyyət üçün qonorar ödənilməyəcəyinin bildirildiyini yazıb.

Fizik eyni zamanda müxtəlif tədbirlər və “şəkilçəkdirmə mərasimləri” üçün vəsait ayrıldığı halda elm və maarifçilik fəaliyyətinə maliyyə dəstəyinin göstərilməməsini tənqid edib.

İslamzadənin fikrincə, cəmiyyətdə maarifçilik prosesinə münasibətdə yanlış təsəvvür formalaşıb.

O hesab edir ki, insanlar “maarifçilər” adlandırılan kiçik bir qrupun orta əsrlərə xas düşüncələrlə təkbaşına mübarizə aparmalı olduğunu düşünürlər.

O, filosof Müşfiq Ötgünün “maarifçilərin anlaya bilmədiyi…” ifadəsini də tənqid edib və “maarifçilər” anlayışının kimləri əhatə etdiyini, onların sayının nə qədər olduğunu və niyə cəmiyyətdə problem kimi təqdim edildiyini sual edib.

İslamzadə daha əvvəl filosof Müşfiq Şükürovun yaydığı fikirlərlə bağlı “Qalstuklu molla” adlı yazı yazdığını və həmin yazıya radikal şəxslərdən çoxsaylı reaksiyalar gəldiyini xatırladıb.

O, Müşfiq Ötgünün “Təhsil verməklə eşşəyi ceyran etmək olmur” fikrinə də münasibət bildirib. İslamzadə bu ifadənin təhsilin məqsədi və insanlara yanaşma baxımından ciddi suallar doğurduğunu qeyd edib:

“Diaqnostika aparıb təhsilalanları “eşşəklər”və “ceyranlar” qrupuna ayırmalı, “eşşəkləri”təhsildən məhrum etməliyik?”

Fizik sonda maarifçiliyin əsas məqsədinin insanların öz düşüncələrindən istifadə etməsinə şərait yaratmaq olduğunu vurğulayıb və yazısını belə yekunlaşdırıb:

“Öz qövmümüzün başına əngəlkələfiz biz!”

Elmar
Gununsesi.info