72 mindən çox tibb işçisinin maaşı artırılıb -Anar Bayramov

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 11:17

“TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır”.

Gununsesi.info  xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunub və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək: “Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir”.

O qeyd edib ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Bildirilib ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.

Gununsesi.info